2020-02-12
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan-Qırğızstan Dostluq Parkının təməl qoyma mərasimində iştirak etmişdir

Qırğızstan mətbuatı xəbər verir ki, 10 yanvar 2020-ci ildə Bişkek şəhərində Azərbaycan-Qırğızstan Dostluq Parkının təməlqoyma mərasimi keçirilib.

Təməlqoyma mərasində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyətli səfiri Hidayət Orucov, Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov, Bişkek şəhərinin meri Əziz Surakmatov, Joqorku Kenişin (Parlamentin) deputatları, Bişkek şəhərinin Oktyabr rayonun icra başçısı Maksim Sitnikov, şəhər sakinləri və KİV-nin nümayəndələri iştirak ediblər.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və səfir Hidayət Orucov Azərbaycan-Qırğızstan Dostluq Parkının və Heydər Əliyev adına məktəb binasının layihələri ilə tanış olduqdan sonra parkın təməlini qoydular.

Təməl qoyma mərasimini Bişkek şəhərinin meri Əziz Surakmatov açaraq Azərbaycan və Qırğızıstan dostluğunun simvolu olan parkın açılması münasibətilə mərasim iştirakçılarını təbrik etdi.

Qırğız Respublikasının Prezidenti Sooranbay Jeenbekov çıxış edərək, Bişkek şəhərində məktəb kompleksinin tikilməsinə,  paytaxtın ən gökəmli rayonlarından birində möhtəşəm parkın salınmasına göstərdiyi köməyə və verdiyi böyük dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycan-Qırğızıstan Dostluq Parkı iki dövlət arasında münasibətlərin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir. İki ölkə başçısı arasında sıx əlaqələr mövcuddur. 2018-ci İldə Qırğızıstanın Çolpon-Ata şəhərində və  ötən il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri çərçivəsində ikitərəfli və çoxtərəfli müstəvidə əlaqələrin genişləndirilməsi istiqamətində səmərəli müzakirələr aparmış, iki qardaş xalq arasında yaxınlığın və əməkdaşlığın rəmzi olan bu parkın xeyir-duasını cənab Prezident vermişdir.  

Azərbaycanla Qırğızıstan arasında dostluğun tarixi köklərə dayandığını bildirən Prezident qeyd edib ki, burada 20 mindən çox azərbaycanlının yaşaması da bu münasibətlərin daim yüksələn xətlə inkişafına zəmin yaradır. Onlar ən çətin məqamlarda hər zaman qırğız xalqının yanında olublar. Azərbaycan və Qırğız xalqlarının əbədi dostluğunun rəmzi olacaq bu parkın təməlinin qoyulmasında böyük əməyi olan Azərbaycanın Qırğızıstandakı səfirinə şəxsən dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, park ən qısa zamanda şəhər sakinlərinin istifadəsinə veriləcək.

Səfir Hidayət Orucov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin müraciətini mərasim iştirakçılarına çatdırdı:

«Bişkek şəhərində salınan Azərbaycan-Qırğızstan Dostluq Parkının təməlqoyma mərasiminin iştirakçılarına

Hörmətli mərasim iştirakçıları,

Azərbaycan-Qırğızstan Dostluq Parkı zamanın sınağından çıxmış dostluq və qardaşlığımızın rəmzidir.

Ölkələrimiz arasındakı münasibətlər ortaq tarixi-etnik köklərə, milli mənəvi dəyərlərə və adət ənənələrə malik xalqlarımızın iradəsini əks etdirir.

Əminəm ki, gələcək nəsillər dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsini daim qoruyub saxlayacaq, dostluq və qardaşlığımızı uca tutacaq və daha da möhkəmləndirəcəkdir.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı Şəhəri,

14 dekabr 2019-cu il».

Vurğulaıb ki, xalqlarımızı etnik və tarixi bağlar, ortaq mədəniyyət, adət-ənənələr və dil bağlayır. Ölkələrimiz arasında sıx və səmərəli əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Həmçinin səfir gələcək nəsillərin bu əlamətdar hadisəni xatırlayacağına əminliyi ifadə etdi. Xüsusilə vurğuladı ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi qardaş dövlətlərimizin başçılarının - Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti Zati-Aliləri cənab Sooronbay Jeenbekovun müdrik və uzaqgörən siyasəti üçün prioritet istiqamətlərdir. Əminik ki, ölkələrimiz arasındakı münasibətlər liderlərimizin rəhbərliyi altında genişlənəcək və möhkəmlənəcəkdir.

Səfir Ulu Öndər Heydər Əliyevin "Manas" dastanının 1000 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxışından sitat gətirərək qeyd etdi: «“Manas" qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. "Manas" qırğız xalqının daim vətənpərvər olduğunu, adətsevər, azadlıqsevər olduğunu, cəsarətli olduğunu bütün dünyaya nümayiş etdirir. "Manas" qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir. "Manas" eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi, mədəni sərvətidir. Manas bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır. "Manas”ın dili bizim ümumi dilimizdir».

Sevindirici haldır ki, qırğızları və azərbaycanlıları yalnız ortaq keçmiş deyl, uzun sürən səmimi dostluq və qardaş münasibətləri, həm də müasir tarix birləşdirir. Ölkələrimizin tarixində çox perspektivli bir mərhələ açılır.

Diplomat vurğuladı ki, bu park təkcə indiki nəsil üçün deyil, həm də gələcək nəsillər üçündür. Əminəm ki, gələcək nəsillərimiz xalqlarımız arasındakı əbədi dostluğun bu rəmzi üçün bizə təşəkkür edəcək və tarixi qardaşlığımızı davam etdirəcəklər.

əvvəlki xəbər