Pasport

Ümumvətəndaş pasportu

 

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində şəxsin seçimindən asılı olaraq, Azərbaycan Respublikasına qayıtmaq hüququ verən aşağıda qeyd olunan sənədlərdən biri ilə təmin edirlər:

- ya Azərbaycan Respublikası vətəndaşının yeni ümumvətəndaş pasportunun verilməsi üçün tədbirlər həyata keçirilə bilər;

- ya da şəxsin təcili olaraq ölkəmizə geri qayıda bilməsi üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilə bilər.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə daimi və müvəqqəti yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

 

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

  • qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

"Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər qanunvericiliyə uyğun olaraq tam təqdim edildiyi təqdirdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən icraata qəbul edilməlidir."

Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər

Pasport verilməsi haqqında ərizəyə/vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə/vəsatətə baxılmaqda imtina edilməsindən Azərbaycan Respublikasının vətəndaşları inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə və ya onun verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir. 

Azərbaycan Respublikasının vətəndaşının ümumvətəndaş pasportu yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya belə pasport sahibi olan Azərbaycan Respublikası vətəndaşı vəfat etdikdə ümumvətəndaş pasportu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.

 

Əgər Azərbaycan Respublikasının vətəndaşı xarici ölkə ərazisində olarkən ümumvətəndaş pasportunu itirərsə, və yaxud onun pasportun oğurlanarsa, yararsız hala düşərsə və etibarlılıq müddəti bitərsə, vətəndaş bu barədə dərhal Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verilməlidir. Eyni zamanda, şəxs yararsız hala düşmüş və yaxud etibarlılıq müddəti bitmiş ümumvətəndaş pasportunu mütləq Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəlik və ya konsulluğuna təhvil verməlidir.

Bu hallarda şəxsin seçimindən asılı olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən bu şəxsin adına:

- ya Azərbaycan Respublikası vətəndaşının yeni ümumvətəndaş pasportunun verilməsi üçün tədbirlər həyata keçirilə bilər;

- ya da şəxsin təcili olaraq ölkəmizə geri qayıda bilməsi üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilə bilər.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti