Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri
Anlayışı
Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.
Kateqoriyaları
Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.
Növləri
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:
1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.
- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
2. Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Məqsədləri
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:
• işgüzar
• elmi və təhsil
• əmək
• turizm
• mədəniyyət və idman
• humanitar
• şəxsi səfər
• müalicə
Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir.
Vizanın verilməsi üçün tələb olunan sənədlər
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket
36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);
36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;
36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatət, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən müvafiq sənədlər;
36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği “Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
Diqqət! Əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.
Dövlət rüsumunun ödənilməsindən azadolmalar
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına gələn aşağıdakı kateqoriya əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza verilməsinə görə dövlət rüsumu tutulmur:
- Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslər;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlər;
- Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlər;
- Müdafiə xətti ilə səfər edənlər.
Azərbaycan Respublikasına giriş vizaların rəsmiləşdirilməsinə görə müvafiq ölkələrin vətəndaşlarından tutulan dövlət rüsumunun dərəcələri