18 mart tarixində Səfir Lətif Qəndilov Qırğız Respublikası Joqorku Keneşin (parlament) Sədri Nurlanbek Şakiyev ilə görüş keçirmişdir.
Cari ilin 18 mart tarixində səfir Lətif Qəndilov Qırğız Respublikası Joqorku Keneşin (parlament) Sədri Nurlanbek Şakiyev ilə görüş keçirmişdir.
Görüş zamanı siyasi-iqtisadi, mədəni-humanitar və parlamentlərarası əlaqələrin inkişafı və genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
İlk olaraq N.Şakiyev 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Əliyevin qalib gəlməsi ilə əlaqədar təbriklərini bildirmişdir.
Daha sonra o, qeyd etdi ki, “Qırğızıstan-Azərbaycan əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Biz oxşar tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik qardaş xalqlarıq. Bütün sahələrdə əməkdaşlığı gücləndirməli, dostluğa əsaslanan tərəfdaşlığı inkişaf etdirməliyik. Son illər ərzində parlamentlərarası əməkdaşlığımız fəal inkişaf edir, ölkələrimiz arasında əldə olunmuş razılaşmalar uğurla həyata keçirilir”.
Səfir ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlər barədə, il ərzində nəzərdə tutulan qarşılıqlı ali və yüksək səviyyədə səfərlərə dair geniş məlumat vermiş, ölkələr arasında əldə olunmuş razılaşmalar və nəzərdən keçirilən məsələlərdən danışmışdır.
O, Prezident cənab İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” sözlərini xatırladaraq “Biz bütün qardaş Türk dövlətləri ilə, o cümlədən Qırğızıstanla da əlaqələrimizi genişləndirməkdə maraqlıyıq” deyə söyləmişdir. Bununla yanaşı o, Qırğız dilində türk xalqlarına məxsus çoxlu sayda qədimi sözlərin olduğunu bildirmiş, qırğız dilinin xüsusiyyətlərini dərindən öyrənmək üçün türkoloqları, dilçiləri, alimləri Qırğızıstana dəvət edərək dilin dərindən öyrənilməsi zərurətinin olduğunu qeyd etmişdir. Bu da öz növbəsində gələcəkdə ortaq dilin zənginləşdirilməsinə öz töhfəsini verəcəkdir.
Sədr səfirin Qırğız dilinin öyrənilməsinə dair təşəbbüsünü dəstəkləyərək Qırğızıstanda türk dilləri mərkəzinin yaradılmasının zəruri olduğunu qeyd etmişdir.