Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Asılbek Özübekov tərəfindən imzalanıb.
Memorandum Qırğızıstanın Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin - rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutur.
Bişkekə rəsmi səfəri çərçivəsində İlham Əsgərov həmçinin Ata-Beyit Milli Tarixi Memorial Kompleksində Çingiz Aytmatovun məzarını və yazıçının ev-muzeyini ziyarət edib, Qırğızıstan-Azərbaycan Dostluq Parkında və Azərbaycanın Qırğızıstandakı səfirliyində olub, səfirliyin müşaviri Zülfüqar Tanarverdi və "Birlik" Azərbaycan diaspor təşkilatının sədri Xansuvar Baxşəliyevlə görüşüb, gələcəkdə teatr sahəsində vacib addımların atılması istiqamətində müzakirələr aparıb.