Azərbaycan-Qırğızıstan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə hazırlıq müzakirə olunub.
2023-cü ilin yanvar ayının 19-da ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə səfir Lətif Qəndilovun təşəbbüsü ilə Qırğız Respublikasının (QR) xarici işlər naziri Jeenbek Kulubayevlə görüş keçirilmişdir.
Görüşün əsas məqsədi keçən il dövlət başçılarının qarşılıqlı səfərləri zamanı qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətinin öyrənilməsi, o cümlədən ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı fikir mübadiləsinin aparılması olmuşdur.
Səfir görüşdə nazirə fevral ayının 1-də ölkəmizin tanınmış dirijoru, Azərbaycan Respublikasının xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrnın solisti Fatma Cəfərzadənin iştirakı və Qırğızıstan dövlət simfonik orkestrinin müşayiəti ilə Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərindən ibarət qala konsert keçiriləcəyi barədə məlumat vermişdir.
L.Qəndilov konsertə dövlət qurumlarının rəhbərlərinin, əməkdaşlarının, diplomatik korpusun və ictimaiyyətin nümayəndələrinin, o cümlədən QR Prezidenti Sadır Japarovun konsertə dəvət edilməsini təklif etmişdir. Təklif nazir tərəfindən bəyənilmiş və baxılacağını bildirmişdir.
Səfir həmçinin bildirmişdir ki, konsertdən sonra Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilməsi və Qırğızıstan Milli Təsviri İncəsənət Muzeyində rəssamlarımızın və heykəltaraşlarımızın əsərlərinin sərgisinin təşkil edilməsi nəzərdə tutulur.
L.Qəndilov Konsertdə Azərbaycan-Qırğızıstan parlamentlər arası əlaqələr üzrə işçi qrupunun 3 deputatı iştirak edəcəyini, tədbirdə iştirak üçün Bişkek şəhərində səfərdə olacaq deputatlarımızın Qırğız Respublikası Joqorku Keneşində (Parlamentin) görüşlərinin təşkil ediləcəyini nazirin diqqətinə çatdırmışdır.
Görüşdə ölkəmizi kurasiya edən nazir müavini Aybek Moldoqaziyev, İqtisadi diplomatiya departamentinin direktoru Avazbek Ataxanov, Üçüncü siyasi departamentinin direktoru Bakıt Djusupov, həmin idarənin attaşesi Erkin Atabekov, səfirin xanımı Nailə Abbasova və Səfirliyin birinci katib Mübariz Cəfərov iştirak etmişlər.