Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Qırğızıstan Dövlət Filarmoniyasında konsert keçirilmişdir.
Azərbaycan Respublikası (AR) ilə Qırğız Respublikası (QR) arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə Bişkek şəhərində fevral ayının 1-də T.Satılqanov adına Qırğızıstan Dövlət Filarmoniyasında qala konsert keçirilmişdir.
Konsertdə Qırğızıstan Dövlət Simfonik Orkestrinə musiqişünas, xalq artisti, professor Yalçın Adıgözəlov dirijorluq etmiş, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fatma Cəfərzadə isə Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərini ifa etmişdir.
Konsertdə baş qonaq qismində xarici işlər naziri Jeenbek Kulubayev, Qırğızıstanın dövlət katibi Suyunbek Kasmambetov, QR PA-nın xarici əlaqələr şöbəsinin müdiri Muradbek Azımbakıyev, xarici içlər nazirinin müavini Aybek Moldoqaziyev iştirak etmişlər. Konsertdə həmçinin AR MM deputatları Qənirə Paşayeva, Əli Məsimli, Cavanşir Feyziyev, Müşviq Məmmədli, , “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, QR dövlət qurumlarının və ölkədə akkreditə olunmuş Səfirliklərin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Konsertin aparıcısı - Qırğızıstanın Əməkdar Mədəniyyət İşçisi, Azərbaycanın Dostları Klubunun prezidenti, Çingiz Aytmatov adına İssık-Kul Forumunun baş katibi Assol Moldokmatova hörmətli qonaqların gəlişindən hədsiz dərəcədə sevindiklərini qeyd etmiş və tədbiri açıq elan edərək sözü xarici işlər naziri Jeenbek Kulubayevə vermişdir.
J.Kulubayev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycanın Qırğızıstandakı Səfirliyinin təşkil etdiyi konsertdə iştirak etməkdən çox şad olduğunu qeyd etmiş və qısa müddət ərzində münasibətlərimizin dostluq, qardaşlıq xarakteri aldığını bildirmişdir. Keçən il Prezidentlərin qarşılıqlı səfərlərindən sonra ən yüksək səviyyədə bir sıra mühüm sazişlər imzalandığını qeyd edən nazir bunun nəticəsində münasibətlərimiz ən yüksək səviyyəyə- strateji tərəfdaş səviyyəsinə qaldırıldığını söyləmişdir.
Səfir Lətif Qəndilov çıxışında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötdüyünü, son iki ili ərzində dövlətlərimizin müdrik rəhbərlərinin sayəsində on illiklərə bərabər yol keçildiyini vurğulamışdır. O, Prezident İlham Əliyevin ötən ilin oktyabr ayında QR-yə səfəri zamanı hər iki ölkə rəhbərinin iştirakı ilə paytaxtda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan 20 N-li Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin, Nizami Gəncəvi adına 103 saylı məktəbin və Qırğızıstan-Azərbaycan Dostluq Parkının təntənəli açılışı olduğunu qeyd etmiş, salınan parkın dostluğumuza və ikitərəfli münasibətlərimizə gerçək bir abidə olduğunu söyləmişdir.
O, qeyd etmişdir ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi AR-in qurucusu və yaradıcısı Heydər Əliyevin 100 illik yubileyi ilə üst-üstə düşür və biz inanırıq ki, qardaş Qırğızıstanda ulu öndər Heydər Əliyevin bu yubileyi yüksək səviyyədə qeyd ediləcəkdir.
Səfir çıxışını Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin “Əsas odur ki, ağaclarımız qurumasın, çaylarımız qurumasın, ocağımızın işığı heç vaxt sönməsin” sözləri ilə bitirmiş və qeyd etmişdir ki, bu dərin mənalı sözləri təkcə Azərbaycan xalqına deyil, hər iki xalqa şamil edirəm.