Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 27 sentyabr – Anım Gününün 5-ci ildönümü ilə bağlı bəyanatı
27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur. Beş il əvvəl – 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı təxribatların qarşısını almaq və uzun illər işğal altında qalmış torpaqlarımızı azad etmək məqsədilə Vətən müharibəsi başladı. 44 gün davam edən müharibə tarixi Qələbə ilə başa çatdı.
Bu gün, Vətən müharibəsinin başlandığı gündə, torpaqlarımızın azadlığı uğrunda canından keçən əsgər və zabitlərimizin, həmçinin müharibə zamanı düşmən təxribatları nəticəsində həyatını itirən mülki şəxslərin – qadın və uşaqların əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
44 günlük Vətən müharibəsi ərzində Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Gəncə, Bərdə, Tərtər kimi şəhər və rayonlarımızı hədəfə aldı. Raket və ağır artilleriya zərbələri nəticəsində yüzdən çox azərbaycanlı dinc sakin həlak oldu. Qadın və uşaqların qətlə yetirilməsi, yaralanması, bütöv ailələrin məhv edilməsi Ermənistanın müharibə cinayətlərinin və insanlığa qarşı cinayətlərinin bariz sübutudur.
Müharibədən sonra da işğal illərində ərazilərimizdə basdırılmış 1 milyondan çox mina xalqımız üçün ciddi təhlükə olaraq qalır. 2020-ci ilin noyabrından bəri 400-dən çox mülki şəxs – o cümlədən qadınlar və uşaqlar – mina partlayışlarının qurbanı olmuşdur. Mina qurbanlarının faciəli taleyi təkcə Azərbaycanın ağrı-acısını deyil, həm də dünyanın münaqişə zonalarında yaşayan milyonlarla insanın ümumi dərdini əks etdirir.
Vətən müharibəsinin başa çatması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası bölgədə tamamilə yeni geosiyasi reallıq yaratdı. Bu gün Azərbaycan uzunmüddətli sülh və sabitliyi təmin etmək üçün tarixi addımlar atır.
Eyni zamanda, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və inkişaf işləri həyata keçirir: müasir infrastruktur qurulur, məşğulluq imkanları yaradılır, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıtması təmin olunur.
2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən mərasimdə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Birgə Bəyannamənin imzalanması Cənubi Qafqaz regionu üçün tarixi dönüş nöqtəsi oldu. Bu Bəyannamə onilliklər boyu davam edən gərginlik və qarşıdurmalara son qoyaraq bölgədə davamlı sülh və qarşılıqlı əməkdaşlıq üçün möhkəm əsas yaratdı. Sənədin imzalanması təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də geniş regionda sabitlik və rifahın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bəyannamə siyasi, iqtisadi, enerji, sosial, humanitar və digər sahələrdə tərəfdaşlıq üçün yeni imkanlar açacaq.