news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 sentyabr 2025

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə iştirak edib

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə edib.

Bişkek şəhərinin “Manas” Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşıladılar.

 

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb. Bununla yanaşı Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.

Sentyabrın 18-də Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov görüşdə iştirak edib. Tədbirdə çıxış edən Ə.Əsədov Türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qarşılıqlı faydalı əməkdaşlığın TDT-yə üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub.

İqtisadi əməkdaşlığın dinamikasından məmnunluq ifadə edən Baş nazir cari ilin yanvar-iyul aylarında Azərbaycanın TDT dövlətləri ilə ticarət əlaqələrinin 8 faizdən çox artdığını diqqətə çatdırıb.

İnvestisiya sahəsində əməkdaşlıq barədə danışan Baş nazir Azərbaycan tərəfindən təşkilatın üzv ölkələrinə yatırılan sərmayələrin həcminin 21 milyard ABŞ dollarına yaxın olduğunu vurğulayıb.

“Üzv dövlətlərdən olan bir sıra tərəfdaşlarımızla biz birgə investisiya fondları yaratmışıq və bu, prioritet iqtisadi sektorlarına qarşılıqlı investisiyaların təşviqinə imkan verir”, - deyə Baş nazir bildirib.

Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın artan xətt üzrə inkişaf etdiyi və regional əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb.

“Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinə dair bu yaxınlarda Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq”, - deyə Ə.Əsədov qeyd edib.

Görüşdə rifahın, inkişafın və regional inteqrasiyanın təşviqində TDT-nın rolu, həmçinin ticarət, investisiya, nəqliyyat, enerji və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əlaqələr, təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığın gücləndirilməsi üçün TDT mexanizmlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşün nəticələrinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin Birgə Bəyanatı qəbul edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti