news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 mart 2022

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi “Hyatt Regency” otelində Novruz şənliyi keçirib.

Tədbirdə Azərbaycan diasporunun üzvləri, qardaş qırğız xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov iştirakçıları bu əziz bayram münasibətilə təbrik edib, Novruzun əhəmiyyəti haqqında danışıb, ölkəmizdə bu əziz bayramın qeyd olunması, Novruz adət-ənənələri barədə məlumat verib, bu bayramın xalqlarımızı birləşdirdiyini qeyd edib. O, Azərbaycanda olduğu kimi, Qırğızıstanda, habelə digər türkdilli ölkələrdə də Novruz bayramının təntənəli şəkildə geniş qeyd olunduğunu vurğulayıb.

Səfir çıxışında Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. O, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı qətnamənin qəbul olunduğunu diqqətə çatdırıb.

AMM-nin sədri Əzizağa Əliyev də tədbir iştirakçılarını təbrik edib, qürbətdə yaşamalarına baxmayaraq milli bayramlarımızı nəsildən-nəslə ötürərək unutmadıqlarını deyib.

Sabiq diplomat Janış Rustenbekov, “Azərbaycanın dostları” klubunun rəhbəri Askar Aytmatov Novruz bayramının bütün türk xalqlarının ortaq milli bayramı olduğunu bildiriblər.

Tədbir boyu Azərbaycanda Novruzun qeyd olunmasını, bu bayramla bağlı adət-ənənələri, ölkəmizin turizm potensialını əks etdirən videomaterial nümayiş olunub.

Sonra ziyafət verilib, iştirakçılar Azərbaycan plovu və bayram şirniyyatlarına qonaq ediliblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti