Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi tərəfindən Bişkek şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirib
Öncə Səfirlik tərəfindən geniş press-reliz hazırlanaraq Qırğızstan XİN-ə, ölkədə akkreditasiya edilmiş səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, mətbuata göndərilib. Bundan başqa, Xocalı soyqırımının 30-ci il dönümü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı, Azərbaycanın dini liderlərinin müraciəti və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatı Qırğızıstanın aidiyyəti qurumlarına təqdim edilib. Səfirliyin təşəbbüsü ilə Bişkek şəhərinin mərkəzi küçələrində yerləşən 8 ən böyük elektron lövhədə 24 saat ərzində “Xocalıya ədalət!” posterləri nümayiş olunub.
Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın Qırğızıstandakı səfirliyi fevralın 24-də “Hyatt Regency Bishkek” otelində böyük anım tədbiri keçirib.
Tədbirdə Qırğız Respublikası Hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, parlamentin deputatları, ali təhsil müəssisələrinin rektorları, ziyalılar, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri və Qırğızıstanın kütləvi informasiya vasitələrinin jurnalistləri iştirak etmişlər.
Anım mərasimi başlamadan öncə Xocalı Soyqırımının dəhşətlərini özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Dərdimi çəkirəm” sənədli filmin göstərilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov bildirmişdir ki, Xocalı soyqırımından 30 il keçməsinə baxmayaraq bu yara xalqımızın qəlbini indi də sızıldadır. Qeyd etmişdir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı ekspert Tomas de Vaala verdiyi müsahibədə Xocalı qətliamının məqsədyönlü olduğunu açıq şəkildə etiraf etmişdir: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq.”
Səfir məlumat vermişdir ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu sistemli tədbirlər həyata keçirir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Görülən işlərin nəticəsində, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, 17 ölkənin parlamenti, ABŞ-ın 24 ştatı və bir neçə beynəlxalq təşkilat Xocalı soyqırımı haqqında müvafiq sənədlər qəbul ediblər. O vurğulayıb ki, Xocalı soyqırımı "dənizdən-dənizə Böyük Ermənistan" ideyasının ən qanlı səhifəsindən biridir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsi ərzində torpaqlarımızı azad edərək tökülən qanları yerdə qoymadığını söyləyib. Səfir qeyd edib ki, heç bir cinayət yerdə qalmayacaq, xocalı soyqırımının günahkarları - Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri bəşəriyyət qarşısında mütləq cavab verəcəklər. Xüsusilə vurğuladı ki, bizim xocalı qurbanları qarşısında borcumuz bu dəhşətləri unutmamaqdır. Əgər unutsaq onda bu cür dəhşətlərlə yenidən üzləşəbilərik.
“AZERİ” İctimai Birliyinin sədri, Qırğızıstanın əməkdar hüquqşünası, 1-ci dərəcəli ədliyyə müşaviri Əzizağa Əliyev xalqımıza başsağlığı verərək qeyd edib ki, xalqımıza mənəvi təskinlik verən odur ki, Azərbaycan bütün torpaqlarını azad edib, beynəlxalq hüququ bərpa edib və Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz diplomatiyası, iqtisadi imkanları və xalqın birliyi sayəsində təkbaşına icra edib.
Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan bildirmişdir ki, Azərbaycan xalqı kimi türk xalqı da Xocalı qətliyamının qurbanlarının xatirəsini ehtiramla yad edir. Xocalı faciəsi təkcə Azərbaycanın deyil, türk dünyasının deyil, bütün bəşəriyyətin faciəsidir. Onların xatirəsi əbədi yaşayacaqdır.
Qırğız Respublikası Joqorku Keneşin (Parlametin) deputatı Dinara Aşımova da Xocalı hadisələrindən danışıb. D.Aşimova nümayiş olunan filmin kadrları onu sarsıltığını etiraf edərək bildirib ki, heç bir yerdə bu cür cinayətlərə yol vermək olmaz. Qırğızıstan xalqı öz qardaş xalqının belə dəhşətli faciəsinə biganə qalmayacağına əminliyini ifadə edib və qanunverici orqanın nümayəndəsi kimi Qırğızıstanın Xocalı soyqırımı tanıması üçün səy göstərəciyinə söz verib.
Öz növbəsində, “Veçerniy Bişkek” qəzetinin baş redaktorunun müavini Nina Niçiporova ötən ilin payızında MDB ölkələrindən olan jurnalistlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfəri ilə bağlı keçirilən press-tur haqqında təəssüratlarını bölüşüb və gördüklərini XXI əsrin Xirosiması adlandırıb.
Tədbirin sonunda Murad Hüseynovun “İthaf” əsəri nümayiş olunub və Xocalı şəhidlərinin ruhuna ehsan verilib.