Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin
2024-cü ilin yekunlarına dair
MƏTBUAT BURAXILIŞI
28.12.2024
Giriş
2024-cü il ərzində beynəlxalq münasibətlər sistemində artan siyasi və iqtisadi gərginliklər, beynəlxalq hüququn aşınması, beynəlxalq miqyasda qeyri-müəyyənliyin dərinləşməsi fonunda, milli təhlükəsizliyə qarşı risk və hədələrin neytrallaşdırılması, xarici siyasət maraqlarının effektiv şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib.
Azərbaycan beynəlxalq səylərini uğurla həyata keçirərək ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini və diplomatik təmsilçilik şəbəkəsini genişləndirib, regionda və qlobal miqyasda milli maraqlarının, eləcə də sülh və təhlükəsizliyin təmini məsələlərində rolunu və mövqeyini gücləndirib.
2024-cü il ərzində daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq, qlobal əhəmiyyətli tədbirlərin uğurla keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edib.
Bu istiqamətdə, Bakı şəhərində uğurla təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanın beynəlxalq səviyyədə liderliyinin nümayişi baxımından önəmli olub. Azərbaycanın suveren iqlim diplomatiyasının uğuru sayılan COP29-da 196 ölkə və 200-ə yaxın beynəlxalq, regional və digər təşkilatların nümayəndələri təmsil olunub. COP29 çərçivəsində 12-13 noyabr tarixlərində təşkil edilmiş Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsində 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. COP29, əldə olunan konkret nəticələr və qəbul edilmiş qərarların əhəmiyyəti baxımından ən uğurlu konfranslardan biri kimi qiymətləndirilib.
2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans, “Bakı Prosesi” çərçivəsində Mədəniyyətlərarası Dialoq üzrə VI Ümumdünya Forumu, “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans təşkil olunub, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmağımızın 30-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərə və bir sıra digər konfranslara ev sahibliyi edib. Azərbaycan il ərzində Qoşulmama Hərəkatında (QH) sədrlik Troykasının üzvü qismində fəaliyyətini davam etdirib, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatında 2024-2026-cı illər üzrə sədrliyə başlayıb, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata (GUAM) sədrlik edib.
2024-cü il həmçinin ölkəmizin İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyə qəbul edilməsi ilə əlamətdar olub.
Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edilərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin yaradılması və sülh prosesinin irəlilədilməsi ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub. Ali səviyyədə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin hüquqi əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması üzrə müvafiq təmaslar davam etdirilib, normallaşma gündəliyi üzrə əhəmiyyətli irəliləyişə nail olunub.
Xarici dövlətlər ilə ikitərəfli münasibətlər
Azərbaycan Respublikasının xarici siyasətində ötən illərdə olduğu kimi qonşu dövlətlər ilə münasibətlərə xüsusi diqqət ayrılıb.
2024-cü ildə Türkiyə, Rusiya, Gürcüstan və İrana ali və yüksək səviyyədə səfərlər baş tutub.
İl ərzində mövcud ikitərəfli və digər əməkdaşlıq formatları çərçivəsində görüşlərin keçirilməsi ölkəmizin regional əməkdaşlığa xüsusi əhəmiyyət verdiyinin göstəricisi olub. Mövcud çağırışlara qarşı mübarizənin aparılması, eləcə də təhlükəsizliyin, sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə cari ilin 3 iyul tarixində Astanada Azərbaycan və Türkiyə Prezidentləri və Pakistan Baş naziri arasında üçtərəfli görüş, 15 mart tarixində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü, 18 oktyabr tarixində İstanbul şəhərində 3+3 regional əməkdaşlıq platformasının xarici işlər nazirlərinin iclası keçirilib.
Mərkəzi Asiya ölkələri ilə mövcud dostluq və qardaşlıq münasibətlərin inkişafı müvəffəqiyyətlə davam etdirilib. İl ərzində Azərbaycan Respublikası Prezidentinin Mərkəzi Asiya dövlətlərinə 4 səfəri, Mərkəzi Asiya ölkələrinin prezidentlərinin ölkəmizə 10 səfəri həyata keçirilib. 23 may tarixində Tacikistan Prezidentinin ölkəmizə səfəri zaman “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. 22 avqust tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb. Beləliklə, Azərbaycanın Mərkəzi Asiya regionun bütün ölkələri ilə münasibətləri məzmunca daha da zənginləşərək strateji tərəfdaşlıq və ya müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşündə (Astana şəhəri, 9 avqust) fəxri qonaq qismində iştirak edib. İl ərzində ölkəmizin ayrı-ayrılıqda Özbəkistan və Qazaxıstan ilə Ali Dövlətlərarası Şuraların ilk, Qırğızıstan ilə ikinci iclası keçirilib. 15 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistan Respublikasının dəvəti əsasında Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak və çıxış edib. Xarici işlər naziri həmçinin 30 aprel tarixində Doha şəhərində Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxış edib. Qeyd edilən formatlarda fəal iştirakımız, Azərbaycanın regional müstəvidə artan rolunun növbəti göstəricisidir.
Azərbaycanın Avropa ölkələri ilə münasibətləri qarşılıqlı maraqlar əsasında uğurla davam etdirilib. İl ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya, Böyük Britaniya və İtaliyaya işgüzar səfərləri baş tutub. Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Macarıstan və Slovakiyanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri həyata keçirilib. 7 may tarixində Slovakiya ilə strateji tərəfdaşlığa dair Birgə Bəyannamə, 8 may tarixində Bolqarıstan ilə strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalanıb. 5 iyun tarixində Bakıda xarici işlər nazirləri səviyyəsində Azərbaycan-Macarıstan arasında, 30 may tarixində isə Riqada xarici işlər nazirlərinin müavinləri səviyyəsində Azərbaycan-Latviya arasında strateji dialoqun iclasları keçirilib. 15-17 may tarixlərində Belarus Respublikasının Prezidentinin ölkəmizə dövlət səfəri baş tutub. 23 dekabr tarixində Serbiya Respublikasının dəvəti əsasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Səfirlər Müşavirəsində çıxış edib. Nazir çıxışı zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji, humanitar aspektlərindən, ölkələrimizi birləşdirən ümumi çağırışlar və bu çağırışlarla mübarizədə ortaq yanaşmamızdan ətraflı bəhs edib.
2024-cü il Asiya ölkələri ilə münasibətlərin inkişafı üçün əhəmiyyətli olub. 3 iyul tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub və iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. 11-12 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri çərçivəsində ikitərəfli sənədlər imzalanıb, müxtəlif sahələrdə əməkdaşlıq genişlənib. 2024-cü ildə Maldiv Respublikası ilə vizadan azad olma və turizm sahəsində əməkdaşlığa dair iki saziş imzalanıb. COP29-da iştirak etmək məqsədilə Nepal, Maldiv Respublikası, Monqolustan, Marşal Adaları Respublikası, Palau Respublikası prezident, Butan Krallığı, Pakistan İslam Respublikası, Tuvalu, Tonqa Krallığı, Niue baş nazir səviyyəsində təmsil olunub.
Yaxın Şərq və Afrika ölkələri ilə mövcud olan əməkdaşlığın genişləndirilməsi və inkişafı istiqamətində fəaliyyət davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misir Ərəb Respublikasına səfəri, eləcə də Birləşmiş Ərəb Əmirliyi və Konqo Respublikasının dövlət başçılarının ölkəmizə səfərləri baş tutub. 9 yanvar tarixində “Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. İl ərzində Yaxın Şərq və Afrika regionunun 24 ölkəsinin xarici işlər nazirləri ilə görüşlər keçirilib.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin diplomatik təmasları intensivləşib. İsrail-Fələstin münaqişə zonasında baş verən hadisələr ilə bağlı bir sıra yüksək səviyyəli tədbirlərdə ölkəmiz təmsil olunub, İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyimiz diqqətə çatdırılıb. Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması istiqamətində çağırış edilib. Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib. Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğumuz diqqətə çatdırılıb.
Cari ildə Şimali, Mərkəzi və Cənubi Amerika dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər və tədbirlər təşkil olunub, XİN-lərarası siyasi məsləhətləşmələr və belə formatın olmadığı ölkələrlə müvafiq siyasi mexanizmin təsis edilməsi ilə bağlı danışıqlar davam etdirilib. Bir sıra ölkələrlə beynəlxalq təşəbbüslər üzrə qarşılıqlı dəstək nümayiş olunub, siyasi, təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi üçün səy göstərilib. Azərbaycanın COP29-a sədrliyi kontekstində region ölkələri ilə əməkdaşlıq münasibətləri inkişaf etdirilib.
Azərbaycan il ərzində ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb. 25 ölkənin Xarici İşlər Nazirlikləri ilə siyasi məsləhətləşmələr keçirilib, bir neçə ölkə ilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
2024-cü ildə Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhəri) və Oman Sultanlığındakı (Maskat şəhəri) diplomatik missiyaları fəaliyyətə başlayıb, İran İslam Respublikasındakı səfirliyi isə 15 iyul tarixindən öz işini bərpa edib. Bununla, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 92-yə çatıb. (69 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi). Vanuatu Respublikası Bakı şəhərində Baş Konsulluğunun təsis edilməsi, Kuk adaları isə diplomatik münasibətlərin qurulması ilə bağlı müraciət edib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq
Azərbaycan Respublikası, əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığa öz töhfəsini verib.
Azərbaycan-BMT əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilib, qarşılıqlı səfərlər həyata keçirilib. Bu xüsusda, BMT Baş katibi Antonio Qutereşin COP29 çərçivəsində Azərbaycana səfərləri baş tutub.
Azərbaycan son 4 ildə Qoşulmama Hərəkatına (QH) uğurla sədrlik edərək 19-20 yanvar tarixlərində Uqandanın Kampala şəhərində keçirilmiş QH-nin Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə Hərəkatın sədrliyini Uqanda tərəfinə təhvil verib. Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində, Afrika qitəsindən Hərəkata üzv olmayan yeganə ölkə olan Cənubi Sudan Hərəkatın sıralarına qoşulub. İl ərzində Azərbaycan sədrlik Troykasının üzvü qismində (Uqanda və Özbəkistanla birlikdə) Hərəkat daxilində fəallığını davam etdirib.
Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində strateji əməkdaşlığa xüsusi önəm verib. 6 iyun tarixində Şuşa şəhərində “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanaqlı gələcəyin qurulması” mövzusunda keçirilmiş TDT-nın qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Qarabağ Bəyannaməsi qəbul edilib, azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışı üçün minatəmizləmə və humanitar fəaliyyətlərə dəstək ifadə olunub. Cari ilin iyul ayında Lənkəran şəhərinin 2024-cü ildə Türk Dünyasının Gənclər Paytaxtı elan edilməsi ilə bağlı açılış mərasimi baş tutub.
İl ərzində TDT üzv ölkələri arasında rəqəmsal iqtisadi əməkdaşlıq, Türk Yaşıl Baxışı və Türk Yaşıl Maliyyə Şurasının yaradılmasına dair Anlaşma Memorandumları imzalanıb, 2025-ci ildə təşkilatın 12-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.
3 dekabr tarixində İranın Məşhəd şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında Məşhəd Bəyannaməsi qəbul edilib, 2025-ci ildə İƏT-in 17-ci sammitinin Azərbaycanda keçirilməsi qərarı ilə bağlı ölkəmizə təşəkkür ifadə olunub.
15 noyabr tarixində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə “Təmiz Enerji Mərkəzi”nin (CECECO) açılışı olub. Azərbaycan 2024-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının 1-ci Tur Operatorları Forumuna (2-3 may) və Beyin Mərkəzlərinin 3-cü Forumuna (4 oktyabr) ev sahibliyi edib.
Azərbaycan 2024-cü ildə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində, həmçinin, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə öz töhfələrini verməkdə davam edib. 4-5 may tarixlərində Qambiya Respublikasının paytaxtı Bancul şəhərində keçirilmiş İƏT üzv ölkələrinin Dövlət və Hökumət başçılarının 15-ci İslam Sammitində ilk dəfə olaraq keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışına dəstək ifadə olunmuş, 2026-cı ildə İƏT-in 16-cı Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.
29-30 avqust tarixlərində Kamerun Respublikasının paytaxtı Yaunde şəhərində keçirən İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Xocalı qətliamının qurbanları ilə həmrəylik”, “Azərbaycan Respublikasına iqtisadi yardım” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsi olaraq Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib.
Cari ilin mart ayında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin (AQEM) Nazirlər Şurasının qərarı ilə 2024-2026-cı illər üzrə Sədrliyin Azərbaycan Respublikasına keçməsi təsdiqlənib. 17 dekabr tarixində AQEM-in Nazirlər Şurasının onlayn formatda keçirilən iclası zamanı Müşavirədə sədrlik rəsmi olaraq Azərbaycan tərəfindən təhvil alınıb. Azərbaycan Respublikasının sədrliyi “Daha güclü AQEM, Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusu altında həyata keçiriləcək və 2026-cı ildə AQEM üzv dövlətlərinin Sammiti ölkəmizdə təşkil olunacaq.
Azərbaycan Respublikası 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Sammitində yekdilliklə D-8 təşkilatına üzv qəbul edilib. Azərbaycanın növbəti diplomatik qələbəsi olan D-8-ə üzvlüyü, 1996-cı ildə əsası qoyulmuş təşkilatın tarixində ilk genişlənmə olmaqla, ölkəmizin daha da artan nüfuzunun və geosiyasi mövqeyinin bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinə yaxından töhfə verəcəkdir.
Azərbaycan 2024-cü ildə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) sədri qismində milli və regional səviyyədə nəqliyyat, ticarət, gömrük, energetika, turizm, mina təhlükəsi, post-münaqişə dövründə bərpa və yenidənqurma və reinteqrasiya və digər mühüm sahələrdə tədbirlərdə iştirak edib.
2024-cü ildə Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində iştirakçı dövlətlərlə müxtəlif istiqamətlərdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlığı davam etdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 oktyabr tarixində MDB Dövlət Başçıları Şurasının Moskva şəhərində keçirilmiş iclasında iştirak edib. İclasda Laçın şəhəri 2025-ci il MDB-nin Mədəniyyət Paytaxtı elan olunub. 12 dekabr tarixində baş tutmuş MDB Hökumət Başçıları Şurasının iclasında Baş nazir Əli Əsədov iştirak edib. 11-12 aprel tarixlərində MDB Xarici İşlər Nazirləri Şurasının Minsk şəhərində, eləcə də 7 oktyabr tarixində Moskva şəhərində keçirilmiş iclaslarında xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Minsk şəhərində keçirilmiş iclasda 2025-ci ildə Gəncə şəhərinin MDB-nin İdman paytaxtı elan edilməsi barədə qərar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3-4 iyul tarixlərində Astanada keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, 23 oktyabr tarixində isə Kazan şəhərində keçirilmiş BRICS Sammitinin “Outreach” BRICS+ formatında iclasında iştirak edib.
İl ərzində hərbi-siyasi məsələlər üzrə çoxtərəfli və ikitərəfli xarici siyasi fəaliyyət davam etdirilib. Azərbaycan-NATO tərəfdaşlığı öz əhəmiyyətini saxlayaraq, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq davam etdirilib, qarşılıqlı səfərlər həyata keçirilib. 2024-cü il həmçinin Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30-cu ildönümü ilə əlamətdar olub və silsilə tədbirlər təşkil edilib.
Azərbaycanın nüvə texnologiyalarından sülh məqsədi ilə istifadə sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəm nəzərə alınaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə 2024-2029-cu illəri əhatə edən Ölkə Çərçivə Proqramı sənədi imzalanıb. Sözügedən sənəd ölkəmizin nüvə enerjisindən istifadə sahəsində prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığının irəlilədilməsinə mühüm töhfə təşkil edir.
Kimyəvi silahların qadağan edilməsi Təşkilatının kimya sənayesindən sülh məqsədləri ilə istifadənin təşviqi kontekstində Azərbaycan tərəfindən təşkilat nəzdində yaradılmış Kimya Texnologiyaları Mərkəzinə maliyyə töhfəsi verilib.
Ölkəmizin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) çərçivəsində genişmiqyaslı səyləri davam etdirilib. YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası çoxsaylı beynəlxalq tədbirlər və konfranslara qatılıb və təşkil edib. UNESCO-nun qeyri-maddi siyahılarındakı nümunələrimizin sayı 24-ə çatıb. Cari ildə ölkəmizin UNESCO-dakı mədəni irs ilkin siyahısı yenilənmiş və siyahıya yeni irs nümunələri (“Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”) əlavə olunub. Həmçinin, Atəşgah məbədi ilə bağlı nominasiya hazırlanaraq Ümumdünya İrs Siyahısına salınması məqsədilə UNESCO-ya təqdim olunub. 13 dekabr tarixində UNESCO-nun mənzil qərargahında “Lüğətçilikdə dünyanın xəritəsi: Divanı Lüğət-it Türkün 950 illik yubileyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin məqsədi “Divanü Lüğat-it-Türk”ün dünya mədəniyyətinə, eyni zamanda Türk xalqlarının dilinin inkişafı və mədəni irsinə qatdığı töhfələri işıqlandırmaq olub. İl ərzində beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən namizədliklərin irəlilədilməsi istiqamətində fəaliyyət davam etdirilib.
Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqları Komitəsinin (CESCR) 2025-2028-ci illər üzrə üzvlüyünə, BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransının (COP16) Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv, həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 2025-2026-cı illər üzrə vitse-prezidenti vəzifəsinə seçilib.
İqlim diplomatiyası
11-23 noyabr tarixlərində Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) baş tutub. Tədbirdə iştirak üçün 72 mindən çox iştirakçı qeydiyyatdan keçib. Azərbaycanın sədrliyi altında COP29-da ilkin olaraq iki əsas məqsəd: iqlim maliyyəsi üzrə kollektiv hədəfin (NCQG) müəyyənləşdirilməsi və Paris sazişinin karbon bazarları üzrə 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi irəli sürülüb. Bakı COP-unun yekununda hər iki hədəfin müvəffəqiyyətlə həyata keçirilməsi ilə yanaşı İtki və Zərər Fondunun fəaliyyəti üçün zəruri mexanizmlərin təsdiqi, Bakı Adaptasiya Yol Xəritəsinin qəbulu, Adaptasiya üzrə yüksək səviyyəli Bakı Dialoqu, Texnologiya İmplementasiya Proqramının fəaliyyətə başlaması, Genişləndirilmiş İqlim Şəffaflığı Hesabatının icrası xüsusunda Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) əhəmiyyəti, Yerli İcmalar və Köklü Xalqlar Platformasının Bakı İş Planının təsdiqi kimi əhəmiyyətli qərarlar qəbul edilib.
İqlim danışıqları tarixində ilk dəfə COP29-da qəbul edilmiş NCQG qərarı 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik 1.3 trilyon ABŞ dollarına çatdırılması üçün bütün aktorlara çağırışı ehtiva edib. 2009-cu ildə Kopenhagen COP-unda təklif olunan 100 milyard ABŞ dolları hədəfi üç dəfə artırılaraq ən azı 300 milyard ABŞ dollarına yüksəldilib. Eyni zamanda, bu qərarla inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) və ən az inkişaf etmiş ölkələrin (LDC) iqlim maliyyəsinə əlçatanlığı təmin edilməklə yanaşı, vəsaitin ödənilməsi ilə bağlı şəffaflıq və hesabatlılıq məsələləri də razılaşdırılıb.
COP29 zamanı verilmiş vacib qərarlar BMT tərəfindən Baku Climate Unity Pact (BACU Pact) çətir adı altında rəsmiləşdirilib.
Konfrans çərçivəsində COP29 Sədrinin Fəaliyyət Gündəliyi üzrə 14 qlobal və 7 regional təşəbbüs elan edilib. Qlobal səviyyədə dəstək alan sözügedən təşəbbüslər iqlim fəaliyyətini gücləndirmək, sektoral əlaqələndirməni təmin etmək və insan ölçüsünü dayanıqlı inkişafla birləşdirməyi hədəfləyir.
COP29 çərçivəsində 12-13 noyabr tarixlərində baş tutmuş Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsi zamanı COP29 sədrliyi tərəfindən 34 yüksək səviyyəli tədbir, 14-21 noyabr tarixlərində isə Azərbaycanın aidiyyəti dövlət qurumları və 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə 100-dən çox tədbir keçirilib. Bu tədbirlərdə 80 dövlət və hökumət başçısı olmaqla, 196 dövlət, 200-dən çox beynəlxalq təşkilat, 2000-dək QHT nümayəndəsi iştirak edib.
Gərgin geosiyasi mühit, iqlim dəyişmələrinə skeptik yanaşan siyasi qüvvələrin bir çox ölkələrdə artan təsir imkanları, inkişaf etmiş ölkələr ilə inkişaf etməkdə olan ölkələr arasındakı kəskin ziddiyyətlər kontekstində baş tutan COP29, Azərbaycanın sədrliyi altında böyük uğurla başa çatıb.
Azərbaycan sədrliyi 2025-ci ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP-30-a qədər davam etməklə yanaşı, iqlim diplomatiyamız fəal şəkildə həyata keçiriləcək.
İqtisadi diplomatiya
Cari ildə iqtisadi diplomatiya sahəsində bir sıra addımlar atılıb, həm regional, həm də qlobal miqyasda iqtisadi münasibətlər intensivləşib. Bu müddət ərzində ixrac coğrafiyasının genişləndirilməsi, sərmayə əməkdaşlığının təşviqi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma proseslərinə xarici şirkətlərin cəlb olunması, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində xarici tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə ikitərəfli formatda tədbirlər həyata keçirilib. Bir çox ölkələr, o cümlədən Mərkəzi Asiya və Körfəz ölkələri ilə əməkdaşlığın inkişafı davam etdirilib. İl ərzində Birləşmiş Ərəb Əmirlikləri ilə biznes forum keçirilib, Özbəkistanla enerji sahəsində sazişlər imzalanıb və Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurası çərçivəsində əlaqələr möhkəmlənib.
COP29 zamanı Azərbaycanın təşəbbüsü ilə BMT-nin Xüsusi Proqramı (SPECA) üzrə Etimad Fondunun fəaliyyətə başlaması elan edilib, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Regional Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinə (GN-SEC) daxil olan və Azərbaycanın ev sahibliyi edəcəyi “ECO regionunun Təmiz Enerji Mərkəzi”nin işə salınması üzrə təqdimat tədbiri keçirilib.
Regional səviyyədə “Trans-Xəzər Nəqliyyat Dəhlizi” və “Həmrəylik Halqası” layihələri çərçivəsində enerji və nəqliyyat sahələrində əməkdaşlıq inkişaf etdirilib. Cari ilin 13 noyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası prezidentləri arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
Humanitar diplomatiya
Cari il ərzində Azərbaycanın humanitar diplomatiya sahəsində həyata keçirdiyi tədbirlər çərçivəsində 2-3 oktyabr tarixlərində müvafiq beynəlxalq təşkilat və ölkələrin iştirakı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfrans baş tutub, Ağdam rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlıqlar və Şuşa həbsxanasına səfər təşkil olunub. Konfransın yekununda iştirakçılar adından qəbul edilmiş bəyanatda itkin düşmüş şəxslər problemi üzrə illik Bakı dialoqunun keçirilməsi və silahlı münaqişələr zamanı itkin düşmə ilə məşğul olacaq mexanizmin yaradılmasına dair çağırışlar öz əksini tapıb. Azərbaycan tərəfindən BMT Baş Assambleyasına təqdim edilən “İtkin düşmüş şəxslər” adlı qətnamə 14 noyabr tarixində növbəti dəfə konsensusla qəbul olunub. Qətnamənin mətninə itkin düşmüş şəxslərin axtarışına minaların yaratdığı maneələr və insan qalıqlarının təhlükəsiz şəkildə axtarışı üçün dövlətlərin əməkdaşlığına dair bənd daxil edilib.
Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan bu problemin aradan qaldırılması üçün aparılan genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə beynəlxalq səviyyədə məlumatlandırma işini və humanitar minatəmizləmə əməliyyatlarına beynəlxalq yardımın cəlb edilməsi istiqamətində səylərini davam etdirib. Azərbaycan bu məqsədlə, ikitərəfli və çoxtərəfli formatlarda diplomatik fəallıq göstərib, BMT, UNESCO, Avropa İttifaqı, NATO daxil olmaqla beynəlxalq təşkilatlar və bir sıra ölkələrlə ölkəmizdəki mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoqu davam etdirib.
Artıq ənənə halını almış, humanitar minatəmizləmə mövzusunda Bakıda illik əsasda keçirilən beynəlxalq konfrans bu sahədə mühüm dialoq formatına çevrilib. 30-31 may tarixlərində Azərbaycan və BMT-nin birgə təşkilatçılığı ilə Zəngilan və Bakı şəhərlərində “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib.
4-8 noyabr tarixlərində Ümumdünya Şəhərsalma Forumunun Qahirədə keçirilmiş 12-ci iclasında ölkəmiz fəal iştirak edib, işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə, bərpa və yenidənqurma fəaliyyətlərinə dair ətraflı məlumat verilib.
18 sentyabr tarixində BMT İnsan Hüquqları Şurasının (İHŞ) 57-ci sessiyası çərçivəsində gündəliyin “Bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən inkişaf hüququnun təşviqi və qorunması” adlı 3-cü bəndi altında Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Minaların və digər partlamamış sursatların insan hüquqlarına təsirləri” adlı bəyanata 66 ölkə həmmüəllif qismində qoşulub.
Həm milli, həm də qlobal səviyyədə insan hüquqlarının təmin və təşviq edilməsi çərçivəsində Azərbaycan Respublikası tərəfindən 2024-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) və Ən az inkişaf etmiş dövlətlərin (LDC) İnsan Hüquqları Şurasında iştirakı və ətraf mühit və insan hüquqları proqramları istiqamətlərinə yönləndirilməsi üçün 31.000 ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayrılıb.
2-3 may tarixlərində Azərbaycanda “Bakı Prosesi” çərçivəsində Mədəniyyətlərarası Dialoq üzrə VI Ümumdünya Forumu keçirilib. Həmçinin, 25-27 noyabr tarixlərində Portuqaliyada baş tutmuş BMT-nin Sivilizasiyalar Alyansının forumunun yekun sənədinin əlavəsinə sözügedən Forumun dünyada mədəniyyətlər-arası dialoqun təşviqi üçün əsas platforma olması, eləcə də Azərbaycanın mədəniyyətlər-arası dialoq, mədəni və dini irsin qorunması, sülh və mədəni müxtəlifliyin təşviqinə yönəlmiş “Mədəniyyət üçün sülh” təşəbbüsünə dair bənd daxil edilib.
Bununla yanaşı, Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqları məsələsi diqqət mərkəzində saxlanılıb. Qərbi Azərbaycan İcmasının müvafiq müraciətlərinin BMT və digər beynəlxalq platformalarda rəsmi sənədlər kimi yayılması təmin olunub. Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasında çıxışı zamanı, İcmanın hüquqlarının pozulduğunu, dialoqa başlamaq və onların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışlarını təmin etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, mühüm beynəlxalq aktlarda təsbit olunmuş qayıdış hüquqlarının Ermənistan tərəfindən rədd edildiyi vurğulanıb.
Beynəlxalq yardım fəaliyyəti
2024-cü ildə Azərbaycan qlobal miqyasda yardım və humanitar dəstək fəaliyyətini aktiv şəkildə davam etdirib. Xarici dövlət və beynəlxalq təşkilatların yardım müraciətlərinə baxılıb, Azərbaycan Respublikasının digər dövlət qurumları ilə əlaqələndirilərək müvafiq yardımların çatdırılması təşkil edilib.
2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş İƏT, QH və SIDS qrupuna daxil olan dövlətlərin, eləcə də xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşları üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına əcnəbi tələbələrin ilk qəbulu prosesi həyata keçirilib və 2024/25-ci tədris ili üzrə 35 ölkədən 100 tələbəyə ölkəmizdə təhsil almaq imkanı yaradılıb.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dəstək məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Beynəlxalq Qızıl Xaç Komitəsinə, həmçinin ICESCO-ya, İƏT-ə və BMT-nin Cenevrə bölməsinin Kitabxanası və Arxivinə maliyyə töhfələri verilib.
Azərbaycanın COP29-a sədrliyi çərçivəsində İEOÖ və SIDS ölkələrinə dəstək göstərilib, 27-30 may tarixlərində Antiqua və Barbudada BMT-nin SIDS üzrə 4-cü Beynəlxalq Konfransının keçirilməsi, eləcə də 26-28 avqust tarixlərində Malavidə LDC qrupunun iqlim dəyişmələri üzrə strategiya və nazirlər iclasının təşkili üçün maliyyə yardımları təmin edilib. SIDS-də iqlim fəaliyyəti ilə bağlı həyata keçiriləcək layihələrin dəstəklənməsi üçün 27 avqust tarixində Tonqada Azərbaycan ilə BMT arasında 5 illik müddət ərzində 10 milyon ABŞ dolları həcmində yardımı nəzərdə tutan Birgə Bəyannamə imzalanıb.
Cari ildə Afrika İttifaqı ölkələri üçün Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi mövzusunda təlimin təşkili üçün dəstək göstərilib. İslam İnkişaf Bankı (İİB) və digər tərəfdaşlarla birgə Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının dəstəklənməsi davam etdirilib.
Türkiyədə keçən il baş vermiş dağıdıcı zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə müvafiq maliyyə yardımı ayrılıb.
Ölkəmiz tərəfindən Ukraynaya humanitar yardım göstərilməsi davam etdirilib, indiyə qədər verilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların ümumi məbləği 70 milyon manata (təxminən 40 milyon ABŞ dollarından artıq) çatıb.
2024-cü il ərzində Bosniya və Herseqovina, Çili, Kolumbiya, Kuba, Qrenada, Sent Vinsent və Qrenadin, Antiqua və Barbuda, Vyetnam, Yəmən, İordaniya, Əlcəzair, Argentina, Braziliya, Albaniya, Zimbabve, Tacikistan, Qambiya və Uqandaya yardımlar edilib.
Postmünaqişə dövründə diplomatik fəaliyyət
2024-cü il ərzində Ermənistan və Azərbaycan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş gündəlik davamlı olaraq irəlilədilib. Ölkəmizə qarşı Ermənistan və onun havadarları tərəfindən aparılan qarayaxma kampaniyasının qarşısının alınması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidlərin neytrallaşdırılması istiqamətində addımların beynəlxalq ictimaiyyətə izah edilməsi və bu addımları sual altına almaq və məhdudlaşdırmaq cəhdlərinin qarşısının alınmasına yönəlmiş ardıcıl, sistemli və qətiyyətli xarici siyasət fəaliyyəti həyata keçirilib.
İl ərzində Azərbaycan tərəfindən irəli sürülmüş normallaşma gündəliyi birbaşa ikitərəfli danışıqlar yolu ilə ardıcıl, məqsədyönlü şəkildə Azərbaycan Respublikasının milli maraqlarına uyğun şəkildə irəlilədilib.
2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında 17 fevralda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə həm ikitərəfli, həm də üçtərəfli formatda, 24 oktyabrda Kazanda BRICS-in 16-cı Sammiti çərçivəsində ikitərəfli görüşlər baş tutub. Ali səviyyədə keçirilən görüşlərdə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması ilə bağlı təmaslar davam etdirilib.
İl ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 2024-cü ilin 28-29 fevral tarixlərində Berlində, 10-11 may tarixlərində Almatıda, 10 iyul tarixində isə NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda, 26 sentyabr tarixində BMT Baş Assambleyasının 79-cu İllik Sessiyasının yüksək səviyyəli müzakirələrində iştirak çərçivəsində Nyu-Yorkda və 18 oktyabr tarixində isə İstanbulda keçirilən “3+3” toplantısı çərçivəsində olmaqla, ümumilikdə beş görüş baş tutub.
Tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib. Nəticə etibarilə, sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb. İl ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib. İki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyaların əldə etdiyi razılığa əsasən, Azərbaycanın Ermənistanın işğalı altında olan Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb.
Sözügedən razılıq Ermənistan tərəfindən işğal altında olan ərazilərin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və iki dövlət arasında rəsmi dövlət sərhədinin bir qisminin delimitasiya və demarkasiyasını təsbit edən ilk nəticə kimi əlamətdar olub. Bundan əlavə, sərhədin delimitasiyası xüsusunda daha bir ciddi irəliləyiş hər iki tərəfdən müvafiq komissiyalarının əsasnamələrinin razılaşdırılması olub ki, bu da komissiyaların növbəti mərhələdə birgə işini tənzimləyərək, prosesin irəli aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İkitərəfli danışıqlar yolu ilə normallaşma istiqamətində əldə edilmiş irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməməsi fonunda bu ölkədə davam edən revanşizm tendensiyası, xarici qüvvələrin birbaşa dəstəyi ilə Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalmaqda davam edir. Bu kontekstdə, Ermənistanın yaranmış yeni reallıqda öz aktuallığını itirmiş, fəaliyyətini başa vurmuş və funksionallığını itirmiş ATƏT-in keçmiş Minsk Prosesinə aid institutların formal mövcudluğunu saxlamaq mövqeyi bu ölkənin normallaşma gündəliyinə sadiqliyini ciddi şəkildə sual altına qoymaqda davam edir.
Regiondan kənar qüvvələrin bir tərəfdən Ermənistanı sürətlə silahlandırması, digər tərəfdən isə müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı əsassız qarayaxma kampaniyasını təşviq etməsi il ərzində danışıqlar prosesinin məntiqi sonluğa çatdırılmasına ciddi əngəl törədib. Xüsusilə, COP29-un ölkəmizdə təşkil edilməsindən sui-istifadə etməklə geniş vüsət almış bu kampaniya Azərbaycan tərəfinin sistemli, ardıcıl və məqsədyönlü addımlar nəticəsində əhəmiyyətli dərəcədə neytrallaşdırılıb, normallaşma prosesinin məhz Azərbaycan tərəfinin irəli sürdüyü gündəlik çərçivəsində qurulması təmin edilib.
Atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycana qarşı fərqli beynəlxalq platformalarda davamlı şəkildə irəli sürülmüş təşəbbüslərə qarşı mübarizə aparılıb, göstərilən istiqamətlərdə anti-Azərbaycan təşəbbüsləri uğursuzluğa düçar olub.
Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, Azərbaycan xalqının təhlükəsizliyi və firavanlığının təmin edilməsi xarici siyasətimizin əsas məqsədi olmaqla, hər zaman olduğu kimi Ermənistanla normallaşma gündəliyinin və digər aktorlarla əməkdaşlığımızın əsas qayəsini təşkil edəcək. Bundan irəli gələrək, növbəti ildə də milli maraqlarımıza uyğun olaraq, prinsipial, qətiyyətli və ardıcıl fəaliyyət davam etdiriləcək.
Ermənistana qarşı beynəlxalq hüquqi tədbirlər
Ermənistanın təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin ifşa edilməsi və bu əməllərə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi istiqamətində 2024-cü il ərzində işlər davam etdirilib.
12 yanvar tarixində Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsində “Enerji Xartiyası Müqaviləsi”nə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. 19 noyabr tarixində Azərbaycan hökuməti “Enerji Xartiyası Müqaviləsi” çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib. Azərbaycan öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb edir.
12 aprel tarixində Daimi Arbitraj Məhkəməsində “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. Bu arbitraj iddiasında Azərbaycan Respublikası Ermənistan Respublikasından Azərbaycanın ətraf mühitinə vurduğu zərər və biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə qarşı tərəfin məsuliyyətinin təsbit edilməsini və maddi təzminat ödənilməsini tələb edir.
15-26 aprel tarixlərində BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı davam edən icraatlar çərçivəsində Məhkəmənin yurisdiksiyası və qaldırılmış iddialarla bağlı ilkin etirazlara dair dinləmələr baş tutub və cari ilin 12 noyabr tarixində Məhkəmə sözügedən ilkin etirazlara dair qərarlarını elan edib. Məhkəmənin qərarı ilə Ermənistanın mina və gizli mina tələlərinin yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdləri rədd edilib. Eyni zamanda qərara əsasən, Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.
Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə fəaliyyət Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi, onlara göstərilən konsulluq xidmətlərinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.
7 fevral tarixində keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ölkəmizin hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının 37 xarici ölkədə yerləşən 46 diplomatik missiyasında 49 seçki məntəqəsi yaradılıb. Xarici İşlər Nazirliyində İşçi qrup tərəfindən ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarındakı seçki məntəqələri zəruri seçki bülletenləri, bütün seçki sənədləri və ləvazimatları ilə təmin olunub. Ümumilikdə 22512 seçici qeydə alınıb və səsvermədə 19691 nəfər (qeydə alınıb seçicilərin 87,4%-i) iştirak edib.
1990-cı illərdən etibarən Türkiyə Respublikasına köçmüş və hazırda orada yaşayan Azərbaycan Respublikası vətəndaşı olması ehtimal olunan şəxslər, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş şəxslərin ailə üzvləri ilə bağlı müvafiq iş davam etdirilib, digər tədbirlərlə yanaşı, müvafiq müraciətlər əsasında 3567 ədəd ümumvətəndaş pasportu çap olunub, onlardan 3461-i vətəndaşlara təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”na uyğun olaraq 2024-cü il ərzində də Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası davam etdirilib. 2020-2024-cü illər ərzində Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunmuş vətəndaşlarımızın sayı 172 nəfəri uşaq və 52 nəfəri qadın olmaqla 224 nəfərə çatıb. Eyni zamanda, Suriyada Əsəd rejiminin çökməsindən sonra, Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, son illər ərzində İraq Respublikasından 288 nəfəri uşaq və 7 nəfəri qadın olmaqla, ümumilikdə 295 nəfər Azərbaycan Respublikasının vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
İl ərzində Azərbaycan ilə İraq, Macarıstan, Türkiyə, Monteneqro, Qazaxıstan, Tacikistan, Lüksemburq, Rusiya, İran, Özbəkistan, Kolumbiya, Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstan, Tacikistan və Pakistan Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Albaniya, Mərakeş, Səudiyyə Ərəbistanı və Qambiya ilə ikitərəfli müqavilələr imzalanıb.
2024-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”ə uyğun olaraq müvafiq fəaliyyət həyata keçirilib, 382 şəxs ölkəmizə readmissiya olunub.
Xarici siyasətin informasiya təminatı və analitik iş
2024-cü ildə ictimai diplomatiya, media və kommunikasiya, eləcə də Azərbaycanın xarici siyasəti ilə bağlı mövqe və məlumatların ictimaiyyətə çatdırılması istiqamətində aktiv fəaliyyət aparılıb.
İl ərzində Xarici İşlər Nazirliyi rəhbərliyinin yerli və xarici media orqanlarında müsahibələri yayımlanıb, 11 mətbuat konfransı təşkil olunub, Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində 515 açıqlama, o cümlədən rəsmi sosial media hesablarında 3000-ə yaxın paylaşım dərc olunub. Ölkəmizin xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən anım günləri, habelə ölkəmiz üçün əlamətdar hadisələr ilə bağlı tədbirlər, konfranslar, seminarlar və sərgilər təşkil olunub, akkreditə olunduqları ölkələrin yerli mətbuatında 2500-ə qədər məqalə dərc edilib, müsahibələr və verilişlər yayımlanıb.
2024-cü ildə 54 xarici ölkədən 538 media nümayəndəsi Azərbaycan Respublikasına, o cümlədən işğaldan azad olunmuş ərazilərə səfər edib. İl ərzində 9 ölkədən mətbuat nümayəndələrinin işğaldan azad olunmuş ərazilərimizə, o cümlədən ölkəmizin digər bölgələrinə media turları həyata keçirilib.
Xarici İşlər Nazirliyi tərəfindən təhlil işi davam etdirilib, aidiyyəti dövlət qurumlarımıza müvafiq məlumatlar təqdim olunub, nüfuzlu elmi-araşdırma mərkəzləri və təhlilçilər ilə təmaslar qurulub və birgə tədbirlər təşkil edilib, İl ərzində qlobal forumlarda (Münhen Təhlükəsizlik Konfransı, Antalya Diplomatik Forumu, Bled Strateji Forumu, Dubrovnik Forumu, MEDays 2024 beynəlxalq forumu, IISS Manama Dialoqu 2024, Doha Forumu) iştirak təmin olunub, beynəlxalq beyin mərkəzləri və araşdırmaçılarla görüşlər (“CEVRO” İnstitutunun Çex Respublikasında keçirilən "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda tədbiri, Malta Respublikasında təşkil olunan “Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransı”) keçirilib.
2024-cü ildə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna yeni namizədlərin qəbulu ilə əlaqədar yaradılmış elektron sistem vasitəsilə qeydiyyat elan olunub, müvafiq müsahibədə yüksək nəticə göstərmiş 60 namizədin diplomatiya könüllüləri sıralarına qoşulması təmin olunub. Cari ilin oktyabr ayından etibarən diplomatiya könüllülərinin Xarici İşlər Nazirliyinin 16 struktur bölməsində təcrübəsi başlayıb.
Xarici İşlər Nazirliyinin kadr təminatı
Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə müsabiqə vasitəsilə diplomatik xidmətə qəbul prosesi 2024-cü il ərzində davam etdirilib. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil edilmiş iki mərhələli müsabiqə nəticəsində 57 nəfər (29 qadın və 28 kişi) müvəffəqiyyət qazanıb. 2024-cü ilin iyul ayından etibarən aparılan mərhələli təyinat çərçivəsində 45 namizədin Xarici İşlər Nazirliyi sistemində diplomatik vəzifələrə təyinatı həyata keçirilib. Qarşıdakı müddətdə yeni vakansiyalara uyğun ehtiyat kadrlar siyahısı üzrə növbəti təyinatların ardıcıl qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Cari il ərzində Azərbaycanın xaricdə 12 diplomatik missiya rəhbəri və 1 nəfər səfir müavini təyinatı həyata keçirilib.