news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 may 2025

Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Bişkekdə 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Bişkekdə 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Qəbulda səfir Lətif Qəndilov çıxış edərək bildirib ki, 107 il əvvəl 1918-ci ildə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq müsəlman şərqində yaranmış ilk demokratik, dünyəvi dövlət Azərbaycan Demokratik Respublikasının (ADR) təməlini qoyub. Cəmi iki ilə yaxın mövcud olmasına baxmayaraq, ADR Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutub. Qısa müddət ərzində parlament seçkiləri keçirilmiş, hökumət yaradılmış, dövlət atributları, bayraq, himn təsis edilib və respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması üçün tədbirlər həyata keçirilib. Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir və ADR tərəfindən qəbul edilmiş dövlət atributlarının qorunub saxlanması tarixi davamlılığın təsdiqi olmaqla yanaşı, həm də dövlətçilik tariximizə hörmət və məhəbbətin bariz nümunəsidir.

L.Qəndilov bildirib ki, müasir Azərbaycan müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. H.Əliyev bu il 30 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyasının təşəbbüskarı və müəllifidir. Bu gün Heydər Əliyev tərəfindən təməli qoyulan inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycan Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçmiş, özünü təmin edən müasir güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

 

Qırğızıstan Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir, hazırda iki ölkə arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha yüksək mərhələyə qalxdığını vurğulayıb. O, Azərbaycanın surətlə inkişaf etdiyini və dünyanın güclü dövlətlərindən birinə çevrildiyini söyləyərək, Qırğızıstanın Azərbaycanın bu uğurlarına sevindiyini vurğulayıb.

Daha sonra nazir, ikitərəfli münasibətlərin son dövrdə yüksək inkişaf mərhələsinə keçdiyini bildirərək Qırğız Prezidentinin 2024-cü ilin aprel ayında Azərbaycana dövlət səfərinin yüksək səviyyədə keçdiyini, iki ölkə arasında ciddi razılaşmalar əldə olunduğunu və əməkdaşlıq istiqamətində çoxlu sayda sazişlərin imzalandığını bildirib.

Mərasimdə Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarımız səsləndirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti