news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 oktyabr 2023

Bişkek şəhərində 103 nömrəli orta təhsil məktəbində Nizami Gəncəvinin büstünün açılışı olmuşdur.

2023-cü ilin oktyabr ayının 23-də Nizami Gəncəvi adına 103 nömrəli orta təhsil məktəbində Nizami Gəncəvinin büstünün açılışı olmuşdur.

Açılış mərasimində Qırğız Respublikasının (QR) təhsil və elm nazirinin müavini Bakjan Supanaliev, mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Marat Taqaev, QR XİN-in 3-cü siyasi departamentinin direktoru Bakıt Djusupov, QR Parlamentinin deputatı Nurjiqit Kadırbekov, Qırğızıstan Ali Sovetinin sədri (1990-1993), Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, səfir Lətif Qəndilov, səfirin həyat yoldaşı, Səfirliyin əməkdaşları, Müstəqil Jurnalistlər birliyinin sədri, ölkədə tanınmış ictimai xadim, Çingiz Aytmatov adına İssık-Kul Forumunun baş katibi, “Azərbaycanın qırğız dostları klubu”nun prezidenti Assol Moldokmatova, məktəbin direktoru, müəllimləri və şagirdləri, Azərbaycan diasporunun fəalları, yerli ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak etmişlər.

Səfir Lətif Qəndilov tədbiri açaraq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı, yaradıcılığı və şəxsiyyəti barədə iştirakçılara ətraflı məlumat vermiş, diqqətə çatdırmışdır ki, keçən ilin oktyabr ayının 11-12 tarixlərində Azərbaycan Respublikasının (AR) Prezidenti cənab İlham Əliyevin QR-yə dövlət səfəri zamanı məktəbin açılışı olmuş və ölkə başçımız məktəbdə büstün qoyulması barədə göstəriş vermişdir. L.Qəndilov açılış mərəsimində iştirak edənlərə təşəkkür edərək sözü Medetxan Şerimkulova vermişdir.

M.Şirimkulov çıxışında ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşmüş, ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə etmiş, ölkəmizin ianəsi hesabına Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin, Nizami Gəncəvi adına 103 saylı məktəbin tikilərək istifadəyə verilməsini vətəndaşlar tərəfindən böyük razılıqla qarsalandığını diqqətə çatdırmışdır.

 QR təhsil və elm nazirinin müavini B.Supanaliev öz çıxışında AR-in vəsaiti hesabına inşa edilmiş müasir tipli məktəb komplekslərinin ölkəsi üçün böyük hədiyyə olduğunu qeyd etmiş, yaradılmış şərait üçün təşəkkürünü bildirmiş, şagirdlərə Nizami Gəncəviyə layiq olmalarını arzulamışdır.

QR Parlamentinin deputatı N.Kadırbekov Nizami Gəncəvinin yaradıcılığı barədə söz açmış, dövrünün böyük mütəfəkkiri, alimi olduğunu qeyd etmiş, şagirdlərə dahi yazıçının əsərlərini oxumağı, Nizami yaradıcılığının tədrisinə xüsusi diqqət yetirilməsini  tövsiyə etmişdir.

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən QR XİN-in 3-cü siyasi departamentinin direktoru B.Djusupov keçən il dövlət başçılarının qarşılıqlı səfərlərini xatırlamış, münasibətlərimizin stratej tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini məmnunluqla qeyd etmiş, ölkələrimiz arasında olan strateji əlaqələrin dövlət başçılarının dəstəyi ilə daha da inkişaf etdiyini söyləmiş və Səfirliyin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmişdir.

Mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini M.Taqaev isə çıxışında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafından söz açmış, noyabr ayında Azərbaycanda Qırğızıstan Mədəniyyət Günlərinin keçiriləcəyini qeyd etmiş, bu tədbirə geniş hazırlıq işlərinin görüldüyünü bildirmişdir. Nizami Gəncəvinin məktəbdə büstünün qoyulmasını isə ölkələr arasında mədəni əlaqələrin inkişafı baxımından böyük hadisə olduğunu söyləmiş və şagirdlərə təhsillərində uğurlar arzulamışdır.

“Azərbaycanın qırğız dostları klubu”nun prezidenti A.Moldokmatova Azərbaycanın əldə etdiyi qələbədən sonra ölkəmizdə səfərdə olduğunu, ermənilər tərəfdən törədilmiş dağıntıları öz gözləri ilə gördüyün, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Məktəblərin ölkəsi üçün böyük hədiyyə olduğunu söyləyən A.Moldokmatova şagirdlərə Nizami Gəncəvinin, Çingiz Aytmatovun və digər dünyaca məşhur yazıçıların əsərlərini oxumağı tövsiyə etmişdir.

Tədbirin sonunda çıxış edən səfir L.Qəndilov Nizami Gəncəvinin əsərləri barədə iştirakçılara məlumat vermiş, bildirmişdir ki, V.Şekspirdən xeyli əvvəl qoca və müdrik şərqdə Nizami Gəncəvi ilk dəfə olaraq böyük məhəbbət dastanı yaratmışdır. Sonra L.Qəndilov  Səfirliyin adından Nizami Gəncəvinin əsərlərini özündə əks etdirən kətan üzərində yağlı boya ilə çəkilmiş miniatür rəsm əsərini, büstün sertifikatını məktəbin direktoru Qulmira Musievaya təqdim etmiş, qonaqlarla birgə Nizami Gəncəvinin büstünün və guşəsinin açılışını həyata keçirmişdir.

Açılış mərasimindən sonra məktəbin bədii özfəaliyyət dərnəyinin şagirdləri tərəfindən Qırğızıstan və Azərbaycan himləri oxunmuş, ölkələrin milli rəqsləri ifa edilmiş, Nizami Gəncəvinin şerləri söylənmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti