news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 iyun 2022

Bişkek şəhərində 28 May – Müstəqillik Günü qeyd edilmişdir.

.

Cari ilin may ayının 30-da Səfirlik Bişkek şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May – Müstəqillik gününə həsr olunmuş  rəsmi qəbul təşkil etmişdir. Ziyafətdə Qırğızıstanın hökumət və siyasi-ictimai dairələrin təmsilçiləri, din xadimləri, diplomatik korpus nümayəndələri, ölkədə yaşayan soydaşlarımız və diaspor təşkilatlarının aktiv üzvləri iştirak etmişlər.

Səfirlik tərəfindən keçirilən rəsmi qəbul mərasimində Qırğızıstan tərəfindən əsas qonaq qismində XİN rəhbərinin müavini A.Moldoqaziyev iştirak etmişdir. Bundan əlavə Qırğızıstan tərəfi tədbirdə Müdafiə naziri (Səfirliyin qonağı kimi) səviyyəsində də təmsil olunmuşdur.

Müsəlman Şərqində ilk demokratik, dünyəvi respublikanın 104 il əvvəl Azərbaycanda yarandığını toplaşanların diqqətinə çatdıran səfir L.Qəndilov bildirmişdir ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçilik tariximizdə özünəməxsus yer tutmuşdur. XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ötən müddət ərzində böyük inkişaf yolu keçdiyini, habelə ulu öndər Heydər Əliyevin neft strategiyası əsasında güclü iqtisadiyyatı olan müasir dövlətə çevrildiyini, eləcə də dünyada nüfuzunun artdığını bildirən səfir, hazırda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm irimiqyaslı layihələrə imza atdığını, o cümlədən Qərb ilə Şərq arasında enerji və nəqliyyat dəhlizi rolunu oynadığını xüsusi vurğulamışdı. Səfir bütün bu amillərin Azərbaycanda güclü ordunun yaradılmasına əsas verdiyini söyləmişdir. Bununla yanaşı ölkəmizin xarici siyasətindən söhbət açan L.Qəndilov, Azərbaycan ilə Qırğızıstan arasında mövcud münasibətlərin cari ilin aprel ayında Qırğızıstan dövlət başçısı S.Japarovun Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə keçirdiyi danışıqlar zamanı əldə olunan razılıqlardan sonra keyfiyyətcə yeni mərhələyə yüksəldiyini xüsusi qeyd etmişdir. Səfir həmçinin postmüharibə dövründəki vəziyyət haqqında məlumat vermişdir.

Qırğızıstan xarici işlər nazirinin müavini A.Moldoqaziyev öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik etmiş və ən xoş arzularını bildirmişdir. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir müavini, ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirmiş, hazırda Azərbaycan ilə Qırğızıstan arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha da inkişaf etdiyini söyləmişdir. Bundan əlavə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərdən danışan Moldoqaziyev, hazırda əməkdaşlığımızın bütün istiqamətlər üzrə sürətlə inkişafının, qarşılıqlı səfərlərin həyata keçirildiyinin, beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə verilən dəstəyin mövcud strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu söyləmişdir.

Ziyafət zamanı Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı görüntüləri özündə əks etdirən filmlər nümayiş etdirilmişdir. Bundan əlavə milli musiqinin mənəvi mahiyyətinin geniş şəkildə Qırğızıstan ictimaiyyətinə çatdırılması məqsədilə Qırğızıstanın incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil edilmiş, musiqi fonu olaraq Azərbaycanın milli, müasir estrada və klassik musiqisi səsləndirilmiş, o cümlədən Qırğızıstanlı musiqiçilərin ifasında Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri təqdim olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti