Bişkek şəhərində 8 Noyabr - Zəfər Günü qeyd edilmişdir.
Noyabr ayının 9-da Səfirlik tərəfindən Qırğız-Türk Manas Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir təşkil etmişdir.
Tədbirdə Türkiyənin səfiri Ahmet Sadık Doğan, Səfirliyin diplomatları, Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan, birinci prorektor Baktıqül Kalambekova və müəllim-professor heyəti, Qırğızıstanın Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir Lətif Qəndilov qeyd etmişdir ki, uzun sürən işğala məruz qalmış doğma torpaqlarımızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində düşmən işğalından azad etmişdir.
Qeyd etmişdir ki, xalqımız Heydər Əliyevi ölkə rəhbərliyinə geri qaytarmış və xalqın dəstəyini alan ulu öndər 1994-cü ildə Bişkek protokolunu imzalamış və dövlət quruculuğuna başlamışdır. Bunun üçün o ölkənin neft sahəsinə investisiyalar cəlb edilməsi məqsədilə dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamış, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsasını qoymuş, qədim ipək yolunun bərpası ilə əlaqədar 1998-ci ildə dünya əhəmiyyətli TRACECA konfrans təşkil etmişdir. Ulu öndərin gələcəyə hesablanmış planlarını İlham Əliyev uğurla həyata keçirmiş, çoxlu sayda - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Trans-Adriatik Boru Kəməri, Trans Anadolu Təbii Qaz Boru Kəməri kimi böyük enerji layihələrini reallaşdırmış, Bakı-Tbilisi-Kars dəmir yolu tikilmiş və Azərbaycan dünyanın bir parçasına çevrilmiş, ölkəmizin iqtisadiyyatına böyük həcmdə investisiya cəlb edilmişdir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkəmizdə güclü iqtisadiyyatın inkişafı təmin edilmiş, müasir ordu qurulmuş, haqlı mövqeyimiz dünyaya çatdırılmışdır. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu Prezidentimizin bilavasitə səyləri nəticəsində dünya ölkələri tərəfindən birmənalı surətdə qəbul edilməsi təmin edilmişdir. Məhz görülən işlər nəticəsində Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad edə bilmişdir. Azərbaycan xalqının qəhrəman oğlu 100 illik problemi həll edə bilmişdir. Prezidentin dediyi kimi Qarabağın azad edilməsi bütün həyatının mənasını təşkil edir.
Səfir həmçinin 30 ildə ermənilər tərəfindən ölkəmizə qarşı törədilmiş terrordan, ərazilərimizin minalanmasından, Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətindən danışmış və sentyabr ayının 19-da ordumuzun erməni separatçılarının son üç ildə törətdikləri terror əməllərinin qarşısını almaq üçün Qarabağda keçirmək məcburiyyətində qaldığımız antiterror tədbiri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Qarabağ məsələsi birdəfəlik həll edilmişdir. Bu əraziləri könüllü şəkildə tərk etmiş ermənilər geri qayıdaraq Azərbaycan vətəndaşlığını qəbul edib yaşaya bilərlər. Lakin xalqımıza qarşı amansızlıqla qətllər törətmiş şəxslər, necə ki, Meşəli kəndində soyqırımı törədənlərdən biri olan Vaqif Xaçaturyan kimiləri Azərbaycan qanunlarına görə ədalət məhkəməsində mühakimə ediləcək və layiqli cəzalarını alacaqlar. Çünki cəzasız qalan cinayət həmişə yeni cinayətə yol aça bilər.
Səfir Lətif Qəndilov çıxışının sonunda Azərbaycana haqq işində dəstək verən Türkiyə dövlətinə türk xalqına, həmçinin qırğız xalqına təşəkkürünü bildirmişdir.
Türkiyə Respublikasının səfiri Ahmet Sadık Doğan öz çıxışında qeyd etmişdir ki, ölkəsi hər zaman müstəqilliklərini əldə etmiş türk dövlətlərinin yanındadır, Can Azərbaycanın haqq işini həmişə dəstəkləyib və bu dəstəyi daim davam etdirəcəkdir. Ölkəsinin bölgədə davamlı sülhün olmasını istədiyini bildirən səfir 8 Noyabr-Zəfər Günün münasibəti ilə xalqımızı təbrik etmişdir.
Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan öz çıxışında bu qələbənin bütün türk dünyasının ortaq qələbəsi olduğunu söyləmiş, türk xalqlarının birlik və bərabərliyinin daim olmasını diləmiş və qələbə münasibəti ilə xalqımızı təbrik etmişdir.
M.Şirimkulov ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşmüş, 1994-cü il 5 may tarixdə imzalanan məşhur "Bişkek protokolu" ilə bağlı maraqlı məqamları yada salmışdır. O həmçinin bu yaxınlarda Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü çərçivəsində cənab İlham Əliyevlə və Rəcəb Tayyib Ərdoğanla görüşündən danışmış, Azərbaycan xalqını bu böyük, möhtəşəm qələbə münasibəti ilə təbrik etmiş, qırğız xalqının hər zaman azərbaycan xalqının yanında olduğunu, bu qələbə sevincini bölüşdüyünü söyləmişdir.
Tədbirin keçirildiyi zalda 44 günlük müharibəyə həsr edilmiş foto sərgi təşkil edilmiş, böyük ekranda qələbəmizlə və Xankəndində keçirilmiş paradla bağlı filmlər nümayiş olunmuşdur.
Tədbirdən sonra Universitetin Türk Dünyası Orkestri Azərbaycanın, Türkiyənin və Qırğızıstanın xalq mahnılarını ifa etmiş və konsertin gedişində qonaqlara ziyafət verilmişdir.