news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 may 2024

Bişkek şəhərində Azərbaycan Respublikasının 28 May–Müstəqillik Gününə həsr olunmuş  rəsmi qəbul təşkil etmişdir

Cari ilin 24 may tarixində Səfirlik tərəfindən Bişkek şəhərinin “Novotel” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş  rəsmi qəbul təşkil etmişdir. Ziyafətdə Qırğızıstanın hökumət və siyasi-ictimai dairələrin təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatik heyət üzvləri, Azərbaycan və Türk diasporunun, yerli ictimaiyyətin və KİV nümayəndələri iştirak etmişlər. Rəsmi qəbul mərasimində Qırğızıstan tərəfindən əsas qonaq qismində Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev iştirak etmişdir. Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev Azərbaycan xalqını milli bayram münasibətilə təbrik etmiş və ən xoş arzularını bildirmişdir. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir, hazırda Azərbaycan ilə Qırğızıstan arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha yüksək mərhələyə qalxdığını vurğulamışdır. Bununla yanaşı nazir, Azərbaycanın surətlə inkişaf etdiyini və dünyanın güclü dövlətlərindən birinə çevrildiyini söyləyərək, Qırğızıstanın Azərbaycanın bu uğurlarına sevindiyini vurğulamışdır. Bu mənada Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsinin böyük bir tarixi hadisə olduğunu söyləyərək ölkəmizə yeni uğurlar arzulamışdır. Daha sonra nazir, ikitərəfli münasibətlərin son üç ildə yüksək inkişaf mərhələsinə keçdiyini bildirərək Qırğız prezidentinin bu ilin aprel ayında Azərbaycana iki günlük dövlət səfərinə toxunmuş, səfərin tarixi xarakter daşıdığını, yüksək səviyyədə keçdiyini, ciddi razılaşmalar əldə olunduğunu və əməkdaşlıq istiqamətində çoxlu sayda sazişlərin imzalandığını söyləmişdir. Bundan əlavə, Azərbaycan ilə Qırğızıstan arasında çoxtərəfli münasibətlərdən danışan nazir J.Kulubayev, beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edildiyini, mövqelərimizin yaxın olduğunu, bir çox hallarda isə üst-üstə düşdüyünü və məhz bu baxımdan  bir-birimizə qarşılıqlı dəstəyin verildiyini söyləmişdir. Səfir Lətif Qəndilov çıxış edərək bildirmişdir ki, müsəlman şərqində ilk demokratik, dünyəvi Respublika 106 il əvvəl Azərbaycanda yaranmış, Xalq Cümhuriyyətinin cəmi iki il yaşamasına baxmayaraq, dövlətçilik tariximizdə özünəməxsus yer tutmuşdur. Belə ki, Azərbaycan xalqının çox əsirlik tarixində müstəqillik və dövlətçilik arzuları gerçəkləşmişdir. Bu müddət ərzində ilk dəfə olaraq demokratik əsaslarda parlament, ordu, bank, milli universitet, qabaqcıl Avropa ölkələrindən öncə qadınlara seçki hüququ verilmişdir. 1919-cu ildə Paris konfransında isə Millətlər Liqası tərəfindən Azərbaycan Demokratik Respublikasının tanınmasına nail olunmuşdur. XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçmiş, özünü təmin edən müasir güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Lakin XX əsrin əvvəlində olduğu kimi yenidən Ermənistan tərəfindən etnik təmizləmə, torpaq iddiaları ilə qarşılaşmış və işğala məruz qalmışdır. Nəticədə Ermənistanda yaşayan üç yüz min soydaşımız öz evlərindən və torpaqlarından qovulmuşdur. Bundan başqa Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal edilmiş və nəticədə 1 milyon Azərbaycanlı öz torpağında qaçqına çevrilmişdir.  BMT-nin dörd qətnaməsinin uzun illər icra edilməməsi ilə qarşılaşan Azərbaycan xalqı Ümum Milli Lider Heydər Əliyev, sonra isə Prezident İlham Əliyev ətrafında sıx birləşmiş, güclü ordu yaradaraq 2020-ci ildə 44 günlük müharibə ərzində öz ərazilərini azad etmiş, suverenliyini və torpaq bütünlüyünü bərpa etmişdir. İşğalla üzləşməyimizə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm irimiqyaslı layihələrə imza atılmşdır. Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycan dünyanın mühüm enerji və nəqliyyat mərkəzinə çevrilmişdir. Bu amillər Azərbaycanda güclü iqtisadiyyat və ordunun yaradılmasına əsas vermişdir. Səfir qeyd etdi ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirkləndirilmiş ölkələr sırasındadır və 2020-ci ilin noyabr ayından bu günə kimi 400-dən çox azərbaycanlı minaya düşərək həlak olmuşdur. İşğal nəticəsində şəhərlərimiz və kəndlərimiz tamamilə sökülmüş, dağıdılmış və indi qaçqınlarımızı öz evlərinə qaytarmaqdan ötrü bütün ölkəmiz öz imkanlarını səfərbər edərək tikinti və quruculuq işi ilə məşğuldur. O, xüsusi ilə qeyd etmişdir ki, bu proseslərdə Azərbaycan yalnız öz qüvvəsinə və imkanlarına arxayındır, dünyanın heç bir ölkəsi tərəfindən bu məsələ ilə bağlı maliyyə yardımı göstərilmir. Biz öz problemlərimiz ilə üz-üzəyik. Məhz bu da ikili standartların digər bir nümunəsidir. Səfirin sözlərinə görə biz torpaqlarımızda sülhün olmasını, ərazilərimizdə bol məhsul yetişdirilməsini, ağacların çiməklənməsini, torpaqlarımızdan mina deyil, məhsul yığılmasını arzu edirik. Səfir xüsusi olaraq qeyd etmişdir ki, keçən 30-32 il ərzində Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olmuş, lakin mövcud ikili standartlar buna yol verməmişdir. İndi isə Azərbaycanın təşəbbüsü ilə ikitərəfli əsasda danışıqlar prosesi davam edir, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə başlanılmışdır. Azərbaycan həmişə H.Əliyevin “Sülh və dinc Qafqaz” təşəbbüsünə sadiqdir. Azərbaycanın son 20 il ərzində mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən  danışan səfir L.Qəndilov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsini öz üzərinə götürdüyünü, tədbirin başlanmasına bir ildən az vaxt qalmasına baxmayaraq ölkəmizdə professionallıq baxımından görülən ciddi işlərə dair ətraflı məlumat vermişdir. Qırğızıstanla ikitərəfli münasibətlərə toxunan L.Qəndilov, 2024-cü ilin aprel ayında Prezident Sadır Japarovun Azərbaycana səfərinə toxunaraq görüşlər zamanı əldə olunan razılaşmalar nəticəsində ölkələrimiz arasında mövcud münasibətlərin yeni mərhələyə - demək olar ki, müttəfiqlik səviyyəsinə yüksəldiyini xüsusi qeyd etmişdir. O, bildirmişdir ki, hazırda real iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun büdcəsi 25 milyondan 100 milyon ABŞ dollarına qədər artırılmışdır. Ziyafət zamanı Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə, “Ləzginka” rəqs qrupunun ifasında Azərbaycan rəqsləri, Manas Universitetinin musiqiçilərinin ifasında canlı olaraq “Çırpınırdı Qara Dəniz” və digər milli mahnılar, simfonik kvintetin ifasında isə Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyevin musiqiləri səsləndirilmişdir. 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti