Bişkek şəhərində Heydər Əliyev haqqında ən yaxşı inşa müsabiqəsinin qalibləri elan edilmişdir.
Azərbaycan Respublikasının (AR) Qırğız Respublikasındakı (QR) Səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirtməkdədir.
Aprel ayının 5-də səfir Lətif Qəndilov, Səfirliyin əməkdaşları Heydər Əliyev adına 20 nömrəli gimnaziyada olmuş və “Heydər Əliyev və Azərbaycan haqqında nə bilirəm” mövzusunda inşa müsabiqəsi elan edilmişdir. Müsabiqə məktəbin dörd 10-cu sinif şagirdləri arasında keçirilmişdir. Görüş zamanı səfir Heydər Əliyev və Azərbaycan mövzusunda geniş çıxış etmişdir.
Aprel ayının 18-də Səfirliyin əməkdaşlarının iştirakı ilə şagirdlər arasında inşa yazısı keçirilmişdir.
Məktəbin müəllimləri yazılmış inşa işlərini yoxladıqdan sonra Səfirlik tərəfindən 4 nəfər qalib müəyyən edilmiş və may ayının 3-də məktəbin akt zalında qaliblərin təltif olunması ilə bağlı mərasim keçirilmişdir.
Tədbirdə QR Təhsil Nazirliyinin idarə rəisi, rayon təhsil şöbəsinin nümayəndəsi, Səfirliyin əməkdaşları, mətbuat və televiziya işçiləri iştirak etmişlər.
Səfir Lətif Qəndilov iştirakçılar qarşısında çıxış edərək Heydər Əliyev haqqında söz açmış, ümummilli lider kimi xalqın taleyindəki rolundan danışmışdır.
Sonra təltif olunma mərasimi keçirilmişdir. 1-ci yeri tutan 10-cu “Q” sinif şagirdi Satıbaldiev Danielə, 2-ci yeri tutan 10-cu “Q” sinif şagirdi Djakşılıkova Ayyaya, 3-cü yeri tutan 10-cu “B” sinif şagirdləri Subanbaev Alinura və Çolponov Bekzata pul mükafatı və hədiyyələr təqdim edilmişdir.
Hər bir inşa işi ətraflı müzakirə edilmiş, müsbət və çatışmayan məqamlar qeyd edilmiş, müvafiq yer tutmalarının səbəbi açıqlanmışdır.
Qırğızıstanda Heydər Əliyev şəxsiyyətinə göstərilən diqqətə görə səfir Lətif Qəndilov ölkə rəhbərliyinə və şəxsən Prezident Sadır Japarova, həmçinin müsabiqənin təşkil edilməsində göstərdikləri köməkliyə görə Təhsil Nazirliyinin və məktəbin rəhbərinə, o cümlədən inşa yazısına ciddi yanaşdıqları üçün şagirdlərə təşəkkürünü bildirmişdir.
Qeyd olunmuşdur ki, Heydər Əliyevin adını daşıyan məktəbdə inşa müsabiqəsinin keçirilməsi şagirdlər tərəfindən Heydər Əliyev şəxsiyyətinin tanınmasına köməklik edəcəkdir. Digər tərəfdən zəngin bioqrafiyaya malik olan Heydər Əliyev şəxsiyyətinin öyrənilməsi şübhəsiz ki, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına təsir göstərəcəkdir. Belə ki, onun həyatı dövlətə və xalqa xidmətin nümunəsidir.