news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 noyabr 2022

Bişkek şəhərinin “Hyatt Regency” otelində 8 Noyabr-Zəfər Gününün 2-ci ildönümü qeyd edilmişdir

Cari ilin noyabr ayının 9-da Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi tərəfindən Bişkek şəhərinin “Hyatt Regency” otelində 8 Noyabr-Zəfər Gününün 2-ci ildönümü qeyd edilmişdir.

Tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin tanınmış nümayəndələri, o cümlədən Türkiyənin, Macarıstanın, Qazaxıstanın, Türkmənistanın səfirləri, Özbəkistanın müvəqqəti işlər vəkili, XİN-in 3-cü siyasi idarəsinin şöbə müdiri, Qırğızıstan Qadınlar Konqresinin sədri, Sənaye və Ticarət Palatasının sədr müavini, Manas Universitetinin rektoru və müəllim heyəti, Qırğızıstan Diplomatları ictimai birliyinin rəhbəri və nümayəndələri, Müstəqil Jurnalistlər birliyinin sədri, “Azərbaycanın qırğız dostları klubu”nun prezidenti Assol Moldokmatova, Çingiz Aytmatov adına “İssık-Kul Forumu” Beynəlxalq ictimai birliyinin prezidenti Askar Aytmatov, Azərbaycan diasporunun rəhbərləri və üzvləri, həmçinin yerli mətbuatın nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə səfir Lətif Qəndilov açmış və qeyd etmişdir ki, uzun sürən işğala məruz qalmış doğma torpaqlarımızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində yağıların tapdağından azad etmişdir.

Qeyd olunmuşdur ki, xalqımız Heydər Əliyevi ölkə rəhbərliyinə geri qaytarmış və xalqın dəstəyini alan ulu öndər 1994-cü ildə Bişkek protokolunu imzalamış və dövlət quruculuğuna başlamışdır. Bunun üçün o neft hasilatı ilə bağlı dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamış, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsasını qoymuş, qədim ipək yolunun bərpası ilə əlaqədar 1998-ci ildə dünya əhəmiyyətli TRACECA  konfrans təşkil etmişdir. Ulu öndərin gələcəyə hesablanmış planlarını İlham Əliyev uğurla həyata keçirmiş, çoxlu sayda - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Trans-Adriatik Boru Kəməri, Trans Anadolu Təbii Qaz Boru Kəməri kimi böyük enerji layihələrini reallaşdırmış, Bakı-Tbilisi-Kars dəmir yolu tikilmiş və Azərbaycan dünyanın bir parçasına çevrilmiş, ölkəmizin iqtisadiyyatına böyük həcmdə investisiya cəlb edilmişdir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkəmizdə güclü iqtisadiyyatın inkişafı təmin edilmiş, müasir ordu qurulmuş, haqlı mövqeyimiz dünyaya çatdırılmışdır. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu dünya ölkələri tərəfindən qəbul edilməsi təmin edilmişdir. Məhz görülən titanik işlər nəticəsində Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad edə bilmişdir.

Səfir həmçinin Xocalı soyqırımından, 30 ildə ermənilər tərəfindən ölkəmizə qarşı törədilmiş terrordan, ərazilərimizin minalanmasından danışmış, Ermənistanın 2020-ci ilin noyabr ayında imzalanmış sənədin müddəalarını yerinə yetirmədiyinə, revanşist iddialar səsləndirdiyini iştirakçıların diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, Qarabağ məsələsi birdəfəlik həll edilmiş, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib yaşaya bilərlər. Azərbaycan bu məsələnin birdəfəlik həllinin tərəfdarıdır, ona görə də sülh müqaviləsini imzalamağa hazırdır.

Səfir öz çıxışını Yaşasın Azərbaycan!, Yaşasın Azərbaycan xalqı!, Yaşasın Azərbaycan ordusu!, Yaşasın Azərbaycanın Prezidenti İlham Əliyev! sözləri ilə bitirmişdir.

Türkiyə Respublikasının səfiri öz çıxışında qeyd etmişdir ki, ölkəsi hər zaman müstəqilliklərini əldə etmiş türk dövlətlərinin yanındadır, Azərbaycanın haqq işini həmişə dəstəkləyib və bu dəstəyi daim davam etdirəcəkdir.  Ölkəsinin bölgədə davamlı sülhün olmasını istədiyini bildirən səfir 8 Noyabr-Zəfər Günün münasibəti ilə xalqımızı təbrik etmişdir.

Sonra “Azərbaycanın qırğız dostları klubu”nun prezidenti Assol Moldokmatova çıxış etmiş və klubun nümayəndələri adından Azərbaycan Prezidentinə ünvanlanmış təbrik məktubunu oxumuşdur.

Tədbirin sonunda səfir bir daha çıxış edərək Azərbaycana haqq işində dəstək verən bütün ölkələrə, xalqlara, o cümlədən qırğız xalqına təşəkkürünü bildirmiş və qələbənin 2-ci ildönümü ilə bağlı Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu oxumuşdur.

Tədbirin keçirildiyi zalda 44 günlük müharibəyə həsr edilmiş foto sərgi təşkil edilmiş, böyük ekranda   qələbəmizlə bağlı film nümayiş etdirilmiş, “Zəfər salnaməsi” kitabı sərgilənmiş, sonda isə qonaqlara hədiyyə edilmişdir. Tədbirin sonunda qonaqlara ziyafət verilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti