Bişkekdə Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun Türkiyə biznes dairələri ilə görüşü keçirilib
2026-cı il fevralın 13-də Bişkek şəhərində Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun Türkiyə–Qırğızıstan “Sahibkarlar, Mədəniyyət, Həmrəylik və Dostluq” İctimai Birliyinin (TUKİD) üzvləri ilə görüşü baş tutub.
Tədbirdə Türkiyə Respublikasının Bişkekdəki səfiri Mekin Mustafa Kamal Okem, Azərbaycan Respublikasının Bişkekdəki Səfirliyinin konsulu Şahin İsgəndərov, Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun həmsədri İqbal Babayev, eləcə də digər rəsmi şəxslər və iş adamları iştirak ediblər.
Görüş zamanı Fondun həmsədri İqbal Babayev Türkiyə biznes ictimaiyyətinə Fondun fəaliyyətinin əsas prioritet istiqamətləri və mövcud maliyyələşdirmə mexanizmləri barədə ətraflı məlumat verib. Xüsusilə Qırğız Respublikasında həyata keçirilən və planlaşdırılan birgə investisiya layihələrində Türkiyə şirkətlərinin iştirak imkanları diqqət mərkəzində olub.
Türkiyəli sahibkarlar Fondla əməkdaşlıq perspektivləri, eləcə də birgə layihələrin icrası üçün mövcud şərtlərlə tanış olublar. Görüşdə tərəflər işgüzar əlaqələrin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran sahələrdə yeni birgə təşəbbüslərin reallaşdırılmasına hazır olduqlarını ifadə ediblər.
Görüş Azərbaycan, Qırğızıstan və Türkiyə arasında iqtisadi əməkdaşlığın və tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.