Bişkekdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Azərbaycanın Qırğızıstandakı səfirliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli qəbul keçirib. Tədbirdə Qırğızıstanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun fəalları, ziyalılar iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bildirib ki, bu bayram həm öz vətənində, həm də onun hüdudlarından kənarda yaşayan Azərbaycan xalqının nümayəndələrini birləşdirmək üçün Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis edilib. 31 dekabr xalqımızı çətin anlarda vahid bayraq altında toplayan çox mühüm bir gündür. İşğal illərində bu birlik öz nəticəsini verdi və arzu olunan Qələbəyə apardı. Təəssüf ki, ona gedən yol uzun və çətin oldu. Addım-addım inamla ona yaxınlaşdıq, ən güclü və ən səmərəli ordulardan birini yaratdıq.
Lətif Qəndilov deyib: “Ulu öndər Heydər Əliyevin apardığı siyasəti davam etdirən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək doğma torpaqların işğaldan azad edilməsinə nail oldu. Haqq işimizdə bizə dəstək olan hər kəsə sonsuz minnətdarıq. İlk növbədə, türk dövlətləri, o cümlədən Qırğızıstandan olan qardaşlarımız bizə dəstək oldular. Bütün bu illər ərzində siz həmişə yanımızda olmusunuz. Biz hər şeyi xatırlayırıq, qiymətləndiririk və heç vaxt unutmuruq. Bu müharibə zamanı obyektiv mövqe tutduğuna görə Rusiyaya da minnətdarıq və bu gün bölgədəki Rusiya sülhməramlıları sayəsində regionda sülh təmin edilir, onlar yenidənqurma işlərinin aparılmasına köməklik göstərirlər. Azərbaycanlılar sülhsevər, mehriban və tolerant xalqdır. Tarixi ədalətin bərpası heç kimə qarşı yönəlməyib. Regionda yaşayan ermənilər tamhüquqlu Azərbaycan vətəndaşı ola bilərlər. Bəli, bizim üçün çətindir ki, torpaqlarımız, şəhərlərimiz dağıdılıb, yerlə-yeksan olub. İşğaldan azad edilmiş Ağdamı ziyarət edən beynəlxalq media nümayəndələri və diplomatlar onu atom bombasından sonrakı Xirosima ilə müqayisə ediblər. Hazırda böyük səylər göstərilir, respublikanın bütün maliyyə imkanları geri qaytarılan ərazilərin tezliklə dirçəlməsinə yönəlib. Bu gün Azərbaycan özünü təmin edən, bütün sahələrdə dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan dövlətdir. Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizi kimi üç belə böyük layihəni həyata keçirə bildik. Ölkəmiz hər il yüksək səviyyədə beynəlxalq irimiqyaslı tədbirlər - mədəni-humanitar, siyasi, elmi və idman tədbirləri keçirir”.
Səfir onu da qeyd edib ki, Qırğızıstanda çoxlu azərbaycanlılar yaşayır, onlar ölkənin layiqli, ali təhsilli vətəndaşlarıdır. Onların bir çoxu bu gün mühüm dövlət vəzifələrində çalışır və Qırğızıstanın inkişafına öz töhfələrini verirlər. “Demək olar ki, hamısı repressiyaya məruz qalmış ailələrdə böyüyüb, hər şeyi bölüşən qayğıkeş, qonaqpərvər qırğızların hərtərəfli dəstəyi sayəsində sağ qalıblar və bunun üçün çox sağ olun”.
Sonra L.Qəndilov bu il yeni mərhələyə qədəm qoyan iki qardaş ölkə arasında münasibətlərin dərinləşdirilməsi və gələcək inkişafı perspektivlərinə toxunub.
“Bir çox beynəlxalq məsələlərdə mövqelərimiz yaxındır, bəzi məqamlarda tamamilə üst-üstə düşür. Qarşıda bizi çox iş gözləyir. Biz tərəfdaşlıq səviyyəsini strateji səviyyəyə qaldırmaq niyyətindəyik. Düşünürəm ki, gələn il çox məhsuldar olacaq. Buna heç bir şübhəm yoxdur. Əminəm ki, Prezident Sadır Japarovun rəhbərliyi ilə qardaş qırğız xalqı, şübhəsiz ki, böyük uğurlar qazanacaq”, – deyə səfir qeyd edib.
Həmçinin o, qardaş qırğız xalqına sülh, sabitlik və inkişaf arzulayıb.
Sonda diplomat əlavə edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 60 illik yubileyini ərazi bütövlüyü təmin olunmuş ölkənin, qalib xalqın lideri kimi qeyd edir.
Qırğızıstanın ictimai xadimi Assol Moldokmatova Azərbaycana bu yaxınlarda etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb: “Mən Qarabağın bütün şəhərlərini gəzdim və onların necə dağıdıldığını öz gözlərimlə gördüm, demək olar ki, hər şey yerlə-yeksan olub. Mənim üçün Prezident İlham Əliyevin xalqa sədaqətli xidmətinin göstəricisi 8 ayda 110 kilometrlik yol çəkilməsi, beş elektrik stansiyasının quraşdırılması, hava limanının, 10 muzeyin, festivalların keçirilməsidir. Ən qısa müddətdə ən yüksək səviyyəyə çatmaq - mən bunu başqa heç bir ölkədə görməmişəm. O, xalqını ləyaqətlə demokratiya və inkişaf yolu ilə aparır”.
Assol Moldokmatova Azərbaycan xalqının nümayəndələrinin Qırğızıstanda layiqli yer tutduğunu xüsusi vurğulayıb.
Tədbirdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə isti dostluq münasibətlərində olmuş, Bişkek Protokolunun imzalanmasının təşəbbüskarlarından biri, Qırğızıstan parlamentinin sabiq sədri Medetxan Şeremkulov da çıxış edib: “Mən Azərbaycanın çətin vəziyyətini də görmüşəm və indi onun çiçəklənməsinə, uğurlarına ürəkdən sevinirəm. Qırğızıstanda yaşayan və işləyən azərbaycanlılar ölkədəki iqtisadiyyata, sabitliyə, millətlərarası rifah və harmoniyaya böyük töhfələr verir. Onlar burada yaşayan 80 millətə nümunədir, qəlbimizdə və ruhumuzda bizim vətəndaşlarımızdır”.
Tədbir Azərbaycan bəstəkarı Vaqif Mustafazadənin ecazkar musiqisinin sədaları ilə müşayiət olunub və müasir Azərbaycanın gözəlliklərini nümayiş etdirən videoçarx qonaqlarda böyük təəssürat yaradıb.