Bişkekdə Türk Dövlətləri Təşkilatının Təhlükəsizlik Şuralarının katiblərinin 4-cü görüşü keçirilib
Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuralarının katiblərinin 4-cü görüşü 11–12 sentyabr tarixlərində Bişkekdə keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi cənab Ramil Usubov, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının katibi cənab Gizat Nurdauletov, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi cənab Bakıtbek Bekbolotov, Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi cənab Okay Memiş, Özbəkistan Respublikası Təhlükəsizlik Şurasının katibi cənab Viktor Maxmudov, həmçinin TDT-nin Baş katibi cənab Kubanıçbek Omuraliyev iştirak ediblər.
Görüş zamanı Tərəflər TDT regionu və dünyadakı mövcud təhlükəsizlik mühiti və baş verən yeniliklər haqqında geniş fikir mübadiləsi aparıblar. TDT ölkələrinə qarşı yönəlmiş cari təhlükəsizlik təhdidləri və çağırışları, eləcə də bəzi regional və qlobal hadisə və tendensiyaların türk dünyasına mümkün təsirləri müzakirə olunub.
Təhlükəsizlik Şuralarının rəhbərləri müzakirələr zamanı TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın konkret layihə və proqramlarla gücləndirilməsi üçün mexanizmlərin inkişaf etdirilməsinə xüsusi diqqət ayırıblar. Görüşün sonunda Təhlükəsizlik Şuralarının katibləri və TDT-nin Baş katibi 4-cü görüşün protokolunu imzalayıblar.
Görüş çərçivəsində Təhlükəsizlik Şuralarının katibləri və TDT-nin Baş katibi Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov tərəfindən qəbul olunublar.