news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2020

Bişkekdə Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir

Qırğızstan mətbuatı xəbər verir ki, 2020-ci ilin fevral ayının 25-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Anım mərasimi başlamadan öncə Xocalı Soyqırımını özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilmişdir.

Mərasimin əvvəlində Heydər Əliyev Fondu tərəfindən çəkilmiş Xocalı Soyqırımı haqqında “Xocalıya Ədalət” adlı sənədli film nümayiş edilmiş və Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Xocalı şəhidlərinin ruhuna “Quranı-Kərim”dən ayələr oxunub və dualar edilib.

Tədbiri açan Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Xocalı Soyqırımının dəhşətlərini, onun ağır nəticələrini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri iştirakçıların diqqətinə çatdırdı və 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsinə baxmayaraq bu günədək icra edilməməsi ilə bağlı təəssüf etdiyini bildirdi. Həmçinin bu ilin 15 fevralında Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən edilən qətiyyətli çıxışdan, Ermənistanın baş naziri tərəfindən işlədilən əsassız və tarixi faktlara söykənməyən yalanlardan bəhs etdi.

Diqqətə çatdırdı ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.

Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentin) deputatı, Azərbaycan–Qırğızıstan dostluq qrupunun rəhbəri Tazabek İkramov, "Lina" firmasının baş direktoru Qiyas Xəlilov, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunu, ehtiyatda olan polkovnik Turusbekov Çolponbek, “AzVirt Qırğızstan” şirkətinin direktoru Çingiz Baxişev, Bişkek şəhərinin 44 saylı orta məktəbinin direktoru Flora Xəlilova, Qırğız Respublikasının Prezidenti yanında əfv üzrə Komissiyanın üzvü Aydın Alaferdov Xocalı soyqırımı haqqında fikirlərini, təəssüratlarını bölüşüb, erməni təcavüzü barədə danışıblar.  Həmçinin çıxışlarında Xocalı faciəsini törədən cinayətkarları pisləyib, soyqırım barədə dünya ölkələrinin məlumatlandırılmasının gərəkli olmasını söyləyiblər. Qeyd ediblər ki, Xocalıda həyatını itirən şəxsləri şərəflə yad etmək və bu cür insanlıq əleyhinə cinayətlərin bundan sonra dünyanın heç bir yerində təkrarlanmaması üçün Xocalı şəhərində həyata keçirilən dəhşətli cinayətləri xatırlamaq vacibdir.

Mərasimdə Qırğız Respublikası Hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, Föqəladə və Səlahiyyətli səfirlər, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, beynəlxalq qurumlarının təmsilçiləri, ali təhsil ocaqlarının rektorları, Azərbaycan diasporunun üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri və Qırğızstanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti