news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 mart 2021

Leyla xanım Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib

Bişkek şəhərinin “Şeraton” otelinin konfrans salonunda Leyla xanım Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Qırğız Respublikasında səfiri Hidayət Orucov qonaqları salamlayaraq demişdir: “Yalnız bizim qardaş xalqlarımızın deyil, bütün türk dünyasının, bir çox digər müsəlman xalqlarımızın əziz bayramı olan Novruz ərəfəsində istedadlı şair Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeirlər toplusunın təqdimat mərasimini keçirmək üçün bu salona toplaşmışıq. Leyla xanım həm ecazkar, özünəməxsus, dərin məzmunlu, həyati-fəlsəfi duyğulu poeziyası, həm də xalqımızın zəngin mənəvi zənginliklərini özündə əks etdirən yüksək dəyərli şəxsiyyəti ilə Bahar qızıdır.

Leyla Əliyeva qələmə aldığı hər mövzuya özünə məxsus şair nəzərləri ilə yanaşa, predmeti özgür baxışlarla poeziyaya çevirə bilir. Leylanın əziz babası, xalqımızın dahi milli lideri Heydər Əliyev mövzusunda çox bədii, publisistik yazılar qələmə alınıb. Lakin Leylanın babasına həsr etdiyi elegiyası özünəməxsus dərin mənası və poetik cizgiləri ilə onların hamısından fərqlənir. Elegiya qəmli, dərin düşündürən təranəni xatırladır, elə poetik təranəni ki, o misralara əvəzsiz musiqi yazan bəstəkara az iş qalır.

Gənc şairə təbiətə qarşı həssas hisslər nümayiş etdirir, gerçəkliklə zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair bir baxışla baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır.

Leyla Azərbaycanın tarixi qələbəsini təmin edən 44 günlük Vətən Müharibəsi günlərində “Əsgər” şeirini yazdı, və bu şeir Azərbaycan ədəbiyyatında yalnız ona qədər deyil, ondan sonra bizim günlərədək yazılan çox şeirlərin fövqündə dayandı.

            Mən bu topluya məmnuniyyətlə ön söz yazmışam. Adı – “Poeziyanın Leylası”. Nə üçün “Leylanın Poeziyası yox” ? Çünki belə misralar yalnız müəllifin deyil, ümumiyyətlə, sonsuz poeziya kəhkəşanın bəhrəsidir, uğurudur. O yazıda dediklərimi burda təkrarlamaq istəmirəm. Leylanın müxtəlif ictimai fəaliyyətləri haqqında bir neçə söz söyləyəcəyəm.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, "Mədəniyyətlərarası Dialoq üçün İslam Əməkdaşlıq Təşkilatı" Gənclər Forumunun baş koordinatoru, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiridir, Azərbaycan Yoga Federasiyasının prezidenti... Təhsil, səhiyyə, idman, mədəniyyət sahələrində bir çox layihələrdə birbaşa iştirak etmişdir. Layihələrinin hər biri yaxşılıq etmək arzusu daşıyır və bu amillər bir çox insanı Leyla Əliyevanın fikirləri ətrafında birləşdirir.

İstedadlı insanın hər şeydə bacarıqlı olduğunu söyləyirlər. Leyla Əliyevanın rəhbərlik etdiyi bütün layihələr də fərdi liderlik keyfiyyətləri, fədakarlığı, əzmkarlığı və çalışqanlığı sayəsində uğurlu olur.

Leyla Əliyevanın həyata keçirdiyi hər şey keyfiyyət və uğur modelinə çevrilir. Onun başlatdığı ən böyük və ən əhəmiyyətli layihələrdən biri də "Xocalıya Ədalət" kampaniyasıdır. 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində dünyanın hər yerində - Asiyadan, Avropadan Amerikaya qədər - müasir tarixin ən dəhşətli fəlakətlərindən biri olan Xocalı soyqırımı haqqında həqiqətləri insanlara çatdırmaq üçün tədbirlər və aksiyalar keçirilir. Kampaniya çərçivəsində apardığı gərgin fəaliyyət Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşasına əvəzsiz töhfə verdi və işğalçıların əsl üzünə işıq salmağa imkan verdi.

Leyla Əliyevanın geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır. Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq yaşlılara, valideyn himayəsindən məhrum olan uşaqlara, qaçqın ailələrinə, məcburi köçkünlərə və digər insanlara köməklik edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyi, Rusiya Federasiyasının ən fəal və nüfuzlu gənclər strukturlarından birinə çevrildi. Dərnəyin coğrafiyası daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında bu təşkilat Rusiya xalqını Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış etmək üçün fəal iş aparır.

Leyla Əliyevanın gördüyü hər şey Azərbaycanın çiçəklənməsi naminə edilir, ölkəmizin son illərdə qazana bildiyi uğurlara öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti enerji və güclə doludur və şübhəsiz ki, Azərbaycanda və ölkəmizin hüdudlarından çox kənarda da Leyla Əliyevanın əli olduğu yeni təşəbbüslər və layihələr olacaqdır. Və bütün bu layihələrin uğurlu olacağına əminəm.”

Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev çıxışında şairənin yaradıcılığını özünəməxsus dəyərli, poeziyada yeni məziyyətlərindən söz açaraq şeirlərdən bir sıra bəndlər, misralar söylədi, əsərlərini yüksək qiymətləndirdi.

Sonra akademik Abdiljan Akmataliyevin kitab haqqında məruzəsi təqdim olundu.

Qırğız Respublikasının Joqorku Keneşin (Parlamentin) Azərbaycanla dostluq qrupunun rəhbəri Tazabek İkramov, Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov, Ukraynanın Qırğız Respublikasında səfiri Valeriy Jovtenko, Belarusiyanın Qırğız Respublikasında səfiri Andrey Straçko, kitabın tərcüməçiləri Aida Eqemberdiyeva və Altınay Temirova, Qırğızıstan Prezidenti yanında Əfv üzrə Komissiyanın üzvü Aydın Alaferdov, şair Jadiger Salayev, Qırğızstanın xalq yazıçısı Melis Abakirov çıxışlarında  şairənin yaradıcılığını yüksək dəyərləndirmişlər. Kitab ələ alınandan oxucunu özünə cəlb etdiyini və sonun qədər yerə qoymadığını soyləmişlər.

Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrının aktrisaları Olqa Asokina və Sayragul Esenbayeva şairin şeirləri oxundular.

Sonra Novruz bayramı şərəfinə ziyafət verilmişdir.

Tədbirdə Qırğızıstan Respublikasının müxtəlif Hökumət strukturlarının rəhbərləri və nümayəndələri, parlamentin deputatları, ölkədə akkreditə olunmuş Fövqəladə və Səlahiyyətli səfirlər, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların nümayəndələri, universitet rektorları, Qırğızstanın ictimai xadimləri, ziyalıları, Azərbaycan diasporunun və digər diasporların təmsilçiləri, kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak etmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti