Novruz bayramı Bişkek şəhərində qeyd edilmişdir.
Cari ilin mart ayının 24-də Səfirlik tərəfindən Bişkek şəhərinin “Hyatt Regency” otelində Novruz bayramı münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə Özbəkistanın, Türkmənistanın, Macarıstanın səfirləri, Türkiyənin diplomatları, Şimali Kiprin Bişkekdəki nümayəndəsi, XİN-in 3-cü siyasi idarəsinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin tanınmış nümayəndələri, Qırğızıstan Parlamentinin Azərbaycanla dostluq qrupunun sədri İskender Matraimov, Qırğızıstan parlamentinin keçmiş sədri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının Qırğızıstandan nümayəndəsi Medetkan Şerimkulov, QR Prezident Aparatının keçmiş rəhbəri, Qazaxıstan, Tacikistan Respublikalarında Qırğızıstanın səfiri olmuş Janış Rustenbekov, Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllim heyəti, Qırğızıstan Diplomatları ictimai birliyinin rəhbəri və nümayəndələri, “Azərbaycanın qırğız dostları klubu”nun prezidenti, xalq artisti Assol Moldokmatova, Çingiz Aytmatov adına “İssık-Kul Forumu” Beynəlxalq ictimai birliyinin prezidenti Askar Aytmatov, Azərbaycan diasporunun rəhbərləri və üzvləri, həmçinin yerli mətbuatın nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə səfir Lətif Qəndilov açmış, Novruz bayramının Azərbaycanın, o cümlədən türk dövlətlərinin qədim və önəmli bayramlarından olduğunu söyləmiş, bu bayramın Sovet İttifaqı zamanı ölkəmizdə keçirilməsinin qadağan edildiyini, lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda rəsmən qeyd edildiyini iştirakçıların diqqətinə çatdırmış və bahar bayramı münasibəti ilə hamını təbrik etmişdir.
Səfir L.Qəndilov Qırğız xlaqına sülh arzulayarq bildirmişdir ki, Azərbaycan xalqı müharibənin nə olduğunu yaxşı bilir. Qeyd etmişdir ki, Vətən müharibəsindən 2 il ötməsinə baxmayaraq Ermənistan hər vəchlə sülh müqaviləsini imzalamaqdan yayınır, erməni hərbiçiləri hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə qalır, təxribatlar törədir və torpaqlarımızı mina ilə çirkləyirlər.
L.Qəndilov həmçinin növbəti illər Bişkekdə akkreditə olmuş TDT-na üzv dövlətlərin Səfirliklərinin ortaq bayramı ölkələrimizin milli yeməklərini hazırlayaraq birlikdə qeyd etməyi təklif etmiş və bu təklif digər səfirlər tərəfindən dəstəklənmişdir.
Sonra Novruz bayramının Azərbaycandakı tarixini, önəmini, ölkəmizdə bu bayramın necə qeyd edildiyini göstərən film nümayiş etdirilmişdir
Tədbirdə iştirak edən türkdilli dövlətlərin səfirləri öz çıxışlarında dəvətə görə təşəkkürlərini bildirmiş, ortaq mədəniyyətin və dəyərlərin önəmini vurğulamış, türk xalqlarının birlik və bərabərliklərinin gücləndirilməsinin zəruriliyini qeyd etmiş, xalqlarımıza sülh, əmin-amanlıq arzulamış və Novruz bayramı münasibəti ilə təbriklərini çatdırmışlar.
Çingiz Aytmatov adına “İssık-Kul Forumu” Beynəlxalq ictimai birliyinin prezidenti Askar Aytmatov öz çıxışında keçən il ölkə başçılarımızın qarşılıqlı səfərlərini xatırlamış, bu səfərlərdən sonra Azərbaycan-Qırğızıstan münasibətləri yeni səviyyəyə yüksəldiyini qeyd etmiş, bayram münasibəti ilə təşkil edilmiş tədbirə görə Səfirliyə təşəkkürünü bildirmiş və öz təbriklərini çatdırmışdır.
Tədbirdə iştirak edən Qırğızıstan Parlamentinin deputatı, Azərbaycanla dostluq qrupunun sədri İskender Matraimov və Qırğızıstan parlamentinin keçmiş sədri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının Qırğızıstandan nümayəndəsi Medetkan Şerimkulov televiziya kanallarına müsahibə vermiş və çıxışlarında xalqımıza sülh, əmin-amanlıq, xoşbəxtlik arzulamış və Novruz bayramının ölkəmizə bolluq gətirməsini diləmişlər.
Bütün tədbir boyu Novruz bayramından bəhs edən videoçarx nümayiş olunmuş, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyəvin milli musiqiləri səsləndirilmiş, həmçinin mərasimdə rəngarəng milli rəqslərimiz ifa olunmuşdur.
Bayram tədbirində iştirakçılar Azərbaycan mətbəxinin ləziz yeməklərinə qonaq edilmişlər.