news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 fevral 2026

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan və Ermənistan rəhbərlərini Şeyx Zayed adına “İnsan Qardaşlığı” mükafatının verilməsi münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov 2026-cı il üçün Şeyx Zayed adına Beynəlxalq “İnsan Qardaşlığı” mükafatının laureatı adına layiq görülmələri münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Ermənistan Respublikasının Baş naziri cənab Nikol Paşinyana təbrik məsajı ünvanlayıb. 

 

Dövlət başçısı qeyd edib ki, Qırğızıstan 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını xüsusi sevinclə qarşılayıb. Bu qərar təkcə siyasi-diplomatik addım deyil, həm də Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş həqiqətən tarixi hadisə olub.

 

Bununla yanaşı, Sadır Japarov vurğulayıb ki, "İlham Əliyev və Nikol Paşinyan yüksək dövlət müdrikliyi, uzaqgörənlik və siyasi məsuliyyət nümayiş etdiriblər. Qırğız Respublikası tam əminliklə bildirir ki, iki ölkə arasında münasibətlərin tam bərpası ilk növbədə hər iki xalqın fundamental maraqlarına cavab verir və uzunmüddətli perspektivdə dayanıqlı sülh üçün möhkəm zəmin yaradır. Bu baxımdan biz Bakı və İrəvanın sülh müqaviləsinin ən qısa zamanda imzalanmasına yönəlmiş son səylərini tam dəstəkləyirik. İki xalq arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı sülh arxitekturasının formalaşdırılmasına yönəlmiş addımları dəstəkləməklə, bu prosesə hərtərəfli dəstək göstərməyə hazırıq”.

Müraciətində Japarov 1994-cü il Bişkek Protokolunun rolunu da xatırladaraq, onu insan həyatlarının qorunması işində diplomatik praqmatizmin və məsuliyyətin mühüm nümunəsi adlandırıb.

 

S.Japarov həmçinin Qırğızıstanın qonşu dövlətlərlə sərhəd məsələlərinin mərhələli şəkildə tənzimlənməsi üzrə təcrübəsini qeyd edib. “2025-ci ildə Qırğızıstan, Tacikistan və Özbəkistan sərhədlərinin kəsişmə nöqtəsi ilə bağlı saziş qəbul olunub. Uzun illər ərzində biz bütün sərhəd problemlərinin həllinə ardıcıl şəkildə çalışmışıq. Nəticədə bütün məsələlər yalnız dostluq, mehriban qonşuluq, qarşılıqlı dəstək və tərəflər arasında etimad ruhunda tənzimlənib”.

 

Sonda Sadır Japarov əminliyini ifadə edib ki, Azərbaycan və Ermənistan iki xalq üçün sülhün, razılığın və firavanlığın möhkəm təməlini qoya biləcəklər. O, həmçinin Şeyx Zayed adına Beynəlxalq “İnsan Qardaşlığı” mükafatının Təşkilat Komitəsinə sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti