Qırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Səfirlik tərəfindən noyabrın 7-də Qırğız-Türk Manas Universitetində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş rəsmi tədbir və konsert proqramı təşkil edilib. Tədbirdə Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov, bu ölkədə akkreditə olunmuş Türkiyə, Qazaxıstan, Özbəkistan, Macarıstanın səfirləri, Şimalı Kirpin Ticarət nümayəndəsi, Manas Universitetinin professor-müəllim heyəti, ictimaiyyət və diaspor nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Qırğız-Türk Manas Universitetinin prorektoru İsmet Altıntaş Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu Qələbə yalnız Azərbaycan üçün deyil, bütün türk coğrafiyası üçün milli ləyaqətin və birliyin simvoluna çevrilib. Prorektor həmçinin Qarabağın azad edilməsi ilə Türk dünyasının siyasi və mənəvi xəritəsində tarixi ədalətin bərpa edildiyini bildirib.
Qırğızıstan xarici işlər nazirinin müavini Meder Abakirov çıxış edərək dost və qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. O, azad olunmuş torpaqlarımızın bərpasında uğurlar arzulayıb.
Səfir Lətif Qəndilov çıxışında münaqişənin tarixçəsi, müharibənin gedişatı, Qələbənin tarixi əhəmiyyəti, müharibədən sonrakı dövr, bərpa və reinteqrasiya prosesinin gedişatı, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh və inkişaf perspektivləri barədə geniş məlumat verib. Xüsusi olaraq qeyd edib ki, qazanılan Qələbə Ali Baş Komandan İlham Əliyev tərəfindən düşünülmüş siyasətin, xalqın və dövlətin vəhdətinin nəticəsidir. Azərbaycan öz torpaqlarını beynəlxalq hüquqa əsaslanan haqq və ədalət prinsipinə söykənərək azad edib. Bizim məqsədimiz regionda sülh yaratmaq, ərazilərimizdəki dağıntılar üzərində yenidən həyat qurmaq və bölgədə gələcək nəsillər üçün davamlı sabitliyi təmin etməkdir.
Səfir çıxışında, həmçinin Qarabağın bərpası üçün həyata keçirilən “ağıllı şəhər” layihələri, minalardan təmizləmə prosesi və “Böyük Qayıdış” Proqramı barədə geniş məlumat verib.
Tədbirdə diplomatik korpus adından Qazaxıstan Respublikasının səfiri Rapil Joşıbayev çıxış edərək bildirib ki, Zəfər Günü bütün Türk dünyasının ortaq sevinci və qürurudur. Bu Qələbə sübut etdi ki, tarix boyu bir-birinə dayaq olan xalqlar birlik və həmrəylik içində olduqda heç bir güc onların qarşısında dayana bilməz. Azərbaycanın Zəfəri yalnız bir dövlətin Qələbəsi deyil - o, Türk dünyasının mənəvi birlik simvoludur.
Türkiyə səfiri Mekin Mustafa Kemal çıxış edərək, bu böyük Zəfərlə bağlı Azərbaycan xalqını təbrik edib, ölkəmizin Qələbəsinin Qafqazda və bölgədə sülh və stabillik üçün mühüm amilə çevrildiyini bildirib. O qeyd edib ki, hər zaman Azərbaycanın yanındayıq və sülh anlaşmasının imzalanması ilə biz də Ermənistanla münasibətləri normallaşdıracağıq.
Qırğız Respublikasının Parlamentinin sabiq sədri Medetxan Şerimkulov isə vurğulayıb ki, Azərbaycan xalqının Qələbəsi yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin bərpasıdır. Qardaş xalqların birliyi gələcəkdə də bölgədə sülhün təminatçısı olacaqdır. Bununla yanaşı o, qeyd edib ki, Prezident İlham Əliyev bu gün dünyanın aparıcı və böyük siyasətçilərindən biridir və Heydər Əliyevin apardığı siyasəti çox layiqincə davam etdirir: “Mən bu sözləri həmişə demişəm indi də deyirəm”.
Tədbirin bədii hissəsində Zəfər Gününə həsr edilmiş canlı musiqi kompozisiyaları səsləndirilib, Azərbaycan musiqi irsinin klassik nümunələri ifa olunub.