Səfir L.Qəndilov Qırğızıstanda fəaliyyət göstərən Ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirmişdir
Ölkələr arasında təhsil və elm sahəsində əməkdaşlıq səviyyəsinin siyasi münasibətlər səviyyəsinə qaldırılması, imzalanmış sazişdən irəli gələn məsələlərin - ali təhsil və elm müəssisələri arasında əməkdaşlıq üçün sahə və istiqamətlərin müəyyənləşdirilməsi, tələbə mübadiləsinə dair konkret addımların atılması, elm sahəsində fəaliyyət göstərən araşdırma mərkəzlərinin birgə fəaliyyət sahələri və istiqamətlərinin müəyyən edilməsi, o cümlədən TDT çərçivəsində elm və təhsil sahəsində aparılan iş istiqamətlərinin düzgün təsbit edilməsinə dair fikir mübadiləsinin aparılması məqsədilə Səfir Lətif Qəndilov 28 yanvar tarixində Qırğız Milli Universitetinin rektoru Doqdurbek Çontoyev, Qırğız Respublikası Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının rektoru Akılbek Kılıçev, Qırğız Milli Aqrar Universitetinin rektoru Rısbek Nurqaziyev və Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan ilə görüşlər keçirmişdir.
Görüşlər zamanı səfir Lətif Qəndilov ölkələr arasında təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu və bu sahədə müsbət addımların atıldığını bildirmişdir. Səfir, ali təhsil və elm müəssisələri arasında elmi tədqiqat işləri üzrə birgə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qabaqcıl təcrübənin öynənilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilmsəsinin, mütəmadi görüşlərin və müzakirələrin aparılmasının vacibliyini vurğulamışdır.
Qırğızıstanın ali tədris müəssisələrin rəhbərləri Azərbaycanın ali təhsil və elm müəssisələri ilə əməkdaşlıqdan yalnız məmnun olacaqlarını bildirmiş, bununla bağlı tələb olunan bütün işlərin görülməsinə hazır olduqlarını vurğulamışlar.