Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Qırğız Respublikasının parlamentində konfrans keçirilmişdir.
Aprel ayının 20-də Qırğız Respublikası (QR) Joqorku Keneşinin (parlamentinin) böyük salonunda Azərbaycan səfirliyinin təşkilatçılığı, Qırğızıstan hökumətinin, Xarici İşlər Nazirliyi və parlamentinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda QR parlamentinin sədr müavini Nurbek Sıdıqaliev, dövlət katibi Süyünbek Kasmambetov, Nazirlər Kabineti sədrinin müavini, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının Qırğızıstan tərəfdən həmsədri Bakıt Torobayev, Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, Parlamentin Qırğızstan- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İskender Matraimov, dostluq qrupun üzvü Tazabek İkramov, keçmiş xarici işlər naziri, deputat Çingiz Aydarbekov, deputat Arslanbek Maliev, xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev, Qırğızıstan Ali Sovetinin sədri (1990-1993), Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, AR Milli Məclisinin (MM) deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi qrupunun üzvü deputat Cavanşır Feyziyev, Çingiz Aytmatovun oğlu, “Ç.Aytmatov adına “İssık-Kul forumunun” prezidenti, keçmiş xarici işlər naziri Askar Aytmatov, Azərbaycanın Dostları Klubunun prezidenti, Çingiz Aytmatov adına İssık-Kul Forumunun baş katibi Assol Moldokmatova, Ümumdünya Səhiyyə Təşkilatının QR-dəki nümayəndəliyinin rəhbəri Şahin Hüseynov, Rusiyanın, Belarusun, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın QR-dəki səfirləri, Beynəlxalq Tibb Universitetinin prorektoru, türkoloq Kadıralı Konkobaev, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan QR Parlamentinin sədr müavini Nurbek Sıdıqaliev ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan danışmış, onun Qırğızıstan- Azərbaycan əlaqələrinin möhkəmlənməsi sahəsində xidmətlərini qeyd etmişdir.
Konfransın moderatoru səfir Lətif Qəndilov ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsini qeyd etmiş və ulu öndərin həyat və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Sonra Qırğızıstanın dövlət katibi S. Kasmambetov prezident Sadır Japarovun təbrik məktubunu oxumuşdur.
Konfransda çıxış edən Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev, xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev, Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, Qırğızstan- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İsgəndər Matraimov ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən, SSRİ dönəmində gördüyü işlərdən danışmış, bu böyük dövlət xadiminin Qırğızıstana və türk dünyasına verdiyi tövhələri qeyd etmişlər.
Rusiya Federasiyasının QR-dəki səfiri Nikolay Udoviçenko Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi zaman SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etdiyini və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsinin məhz onun adı ilə bağlı olduğunu qeyd etmişdir. Səfir Heydər Əliyevin dövlət siyasətinin həm Azərbaycan, həm də bütün region üçün sülhün təmin edilməsində rolunu vurğulamışdır.
Konfransda çıxış edən Qırğızıstan Joqorku Keneşin sabiq sədri, Mədətxan Şerimkulov ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşmüş, elə bu konfrans gedən salonda onun sədrliyi ilə 1994-cü il 5 may tarixdə imzalanan məşhur "Bişkek protokolu" ilə bağlı maraqlı məqamları yada salmışdır.
Konfransda AR MM deputatları Musa Quliyev və Cavanşir Feyziyev çıxış edərək Azərbaycanın böyük oğlu ulu öndər Heydər Əliyev şəxsiyyətinə göstərdikləri diqqət və ehtirama görə Qırğızıstan hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Səfir Lətif Qəndilov öz çıxışında qeyd etmişdir ki, Heydər Əliyevin xalq qarşısında böyük xidmətlərindən biri ondan ibarətdir ki, ulu öndər xalqa özünə inamını geri qaytarmış, xalqa gələcəyə inamla baxmağı aşılamışdır. Heydər Əliyevin ölkədə sabitliyi, iqtisadi artımı, sosial inkişafı təmin etdiyini qeyd edən səfir dahi şəxsiyyətin ölkənin uzunmüddətli perspektivi üçün iqtisadi və siyasi inkişaf strategiyasını müəyyən etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Heydər Əliyevin müdrikliyinin mahiyyəti ondan ibarətdir ki, o öz xalqının milli maraqlarını başqa xalqların milli prinsipləri ilə qarşı-qarşıya qoymurdu. Məhz buna görə Heydər Əliyev həm Azərbaycanda, həm də xaricdə sevirlər və xatırlayırlar.
Səfir çıxışını başqa xalqın dəyərlərinə diqqət yetirə bilən xalq hörmətə layiqdir sözləri ilə bitirmiş və Heydər Əliyevin xatirəsinə göstərilən yüksək ehtirama görə qırğız xalqına və şəxsən QR Prezidenti Sadır Japarova, hökumətə və parlamentə minnətdarlığını bildirmişdir.
Konfransda həmçinin ulu öndərin həyatının müxtəlif dönəmlərini əks etdirən film də nümayiş etdirilmişdir.
Tədbirin sonunda deputat Cavanşir Feyziyevin qırğız dilində nəşr edilmiş 5 cilddən ibarət “Türk Dünyası” kitabının təqdimatı olmuşdur.
Konfransdan sonra dövlət tədbirlərinin əksəriyyətinin keçirildiyi “Frunze” restoranında qonaqlara Səfirliyin adından ziyafət verilmişdir.
Konfrans yerli mətbuatda və televiziya kanallarında geniş işıqlandırılmışdır.