2020-02-07

Bişkekdə 20 Yanvar müsibətinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

2020-ci ilin yanvar ayının 17-də Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyində 20 Yanvar müsibətinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbirdə Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentin) Azərbaycan Respublikası ilə dostluq qrupunun rəhbəri Tazabek İkramov, Hökumətinin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri,  ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və ölkənin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etdilər.

Tədbirin əvvəlində qonaqlar Səfirliyin foyesində 20 Yanvar müsibətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və ölkəmizdən bəhs edən kitab sərgisi ilə tanış oldular.

Daha sonra 20 Yanvar müsibətini özündə əks etdirən foto sərgiyə baxış keçirilib, iştirakçılara press-relizlər təqdim edildi.

Tədbirin açılışında ölkəmizin CBC televiziya kanalının rus dilində çəkdiyi 20 Yanvar müsibətindən bəhs edən “Qara Yanvar” adlı sənədli film nümayiş olundu.

Filmdə sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törətməsi, 134 günahsız insanın qətlə yetirməsi, 744 nəfərin yaralanması,  841 vətəndaşın əsassız olaraq həbs edilməsindən bəhs edilir.

Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov tədbiri açmış və iştirakçılar Qanlı Yanvar hadisələrinin şəhidlərinin xatirələrini bir dəqiqəlik sükutla yad edildi.

Səfir Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçdiyini söylədi.

Səfir tədbir iştirakçılarına bildirdi ki, hər il bu müsibət qurbanlarına həsr olunmuş anım tədbirləri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də keçirilir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” fərman imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sərəncamnan sitat gətirərək bildirdi ki: «Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı».

Səfir Ulu Öndər Heydər Əliyevin 20 Yanvar müsibətindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, qətliamı törədənləri ifşa etdiyini və onların cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etməsini diqqətə çatdırmışdır.

Hidayət Orucov, 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakət ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, hər bir insan ölümünün faciə olduğunu söyləyərək, lakin öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladlarının həlak olmaları ilə qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını bildirmişdir.  

Diplomat 20 Yanvar 1990-ci ildə Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu qeyd edərək, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulamışdır.

Sonra 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ruhu ehtiramla yad olunmuş, Bişkekdəki “İmam Əli” məscidin axundu Mərifət Şirinov tərəfindən Qurandan ayələr oxundu.

Daha sonra çıxış edənlər: “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev, Qırğızstanın Kant şəhər Parlamentinin deputatı Rəhim Rəhimov, Pervomay kənd orta məktəbinin  rus dili və ədəbiyyatı müəlliməsi Alla Kurbanova, "Lina" firmasının baş direktoru, professor Qiyas Xəlilov, “İpək Yolu” Strateji Araşdırma Mərkəzinin prezidenti Seyfullah Türksoy, Azərbaycan Qran-Prisi yarışlarının idman əməliyyatları şöbəsinin əməkdaşı Vladislav Voropayev və başqaları Azərbaycanın keçmiş sovetlər birliyi ölkələri arasında müstəqillik üçün mücadilə aparan dövlətlərdən biri olduğunu, sovet rəhbərliyinin öz əhalisinin qırğınına rahatlıqla göz yummasının onların qeyri-konstruktiv mövqeyinin, satqın siyasətinin bariz sübutu olduğunu bildirdilər.

Onlar sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törədilmiş vəhşiliklərdən, bu qanlı müsibətdə, başda Mixail Qorbaçov olmaqla, onların bütün beynəlxalq hüquq normalarına zidd hərəkət etmələri barədə danışdılar.

Sonda səfir Hidayət Orucov tədbiri yekunlaşdıraraq iştirakçılara ətraflı çıxışlara görə təşəkkür edərək qeyd etmişdir ki, bu ağır cinayət həm də ona görə dərindən öyrənilməli və həmişə xatırlanmalıdır ki, bundan sonra dünyanın heç bir güşəsində bir daha baş verməsin.

Arxiv üzrə axtarış