2021-02-25

Bişkekdə Xocalı Soyqırımının 29-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir

2021-ci ilin fevral ayının 24-də Bişkek şəhərinin “Şeraton” otelində Xocalı Soyqırımının 29-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Anım mərasimi başlamadan öncə Xocalı Soyqırımını özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilib.

Mərasimin əvvəlində Heydər Əliyev Fondu tərəfindən çəkilmiş Xocalı Soyqırımı haqqında “Xocalıya Ədalət” adlı sənədli film nümayiş edilib və Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Xocalı şəhidlərinin ruhuna “Quranı-Kərim”dən ayələr oxunub və dualar edilib.

Tədbiri açan Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Xocalı Soyqırımının dəhşətlərini, onun ağır nəticələrini, fəlakət nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri barədə həqiqətləri iştirakçıların diqqətinə çatdırdı.  Bildirdi ki, bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla həyata keçirib. Bir çox qurban diri-diri yandırılıb, bəzilərinin başları kəsilib, gözləri çıxarılıb. Hamilə qadınların cəsədlərində zorakılıq izlərinə rast gəlinib və bu insanlar yalnız azərbaycanlı olduqlarına, yalnız Xocalıda yaşadıqlarına vəhşicəsinə, qəddarlıqla qətlə yetiriliblər, yalnız Qarabağda yaşadıqlarına görə öldürüldülər. Bu qırğın Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən həyata keçirilən işğalçılıq, etnik təmizləmə və soyqırım siyasətinin dəhşətli nümunəsidir.

Səfir qeyd etdi ki, ümumilikdə 80-ci illərin sonundan 90-cı illərədək 200 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulub. 1991-ci ildən Ermənistan suveren Azərbaycan ərazisinin 20% -ni işğal edilib. Bu silahlı təcavüz zamanı erməni tərəfi Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırım törədib. Azərbaycanlılar terrora məruz qalib, vəhşicəsinə öldürülüb, şikəst edilib, diri-diri yandırılıb və öz dədə-baba yurdlarını məcburi tərk etməyə məcbur edilib. Bu silahlı terror nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı doğma torpaqlarından qovulub. Diqqətə çatdırdı ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün də dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Məlumat vermişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.

H.Orucov söylədi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu "Dəmir yumruq" əks-hücum əməliyyatı keçirərək 44 gündə ərazilərimizi təxminən 30 il davam edən düşmən işğalından azad etdi. Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda xalqın birliyi və şanlı ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Azərbaycan bir daha böyük humanist jest etdi - Rusiya Prezidenti və Ermənistan Baş nazirinin iştirakı ilə birgə bəyanat imzaladı və bununla da ermənilərə sülh yolu ilə təslim olmaq imkanı verdi.

Demək olar ki, əksər dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsi üçün haqlı işini dəstəklədilər. Həm də qardaş Qırğızıstan bəyanat verdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ziyalılar, görkəmli siyasi, dövlət və ictimai xadimlər, Qırğızıstanın müxtəlif siyasi partiyalarının, Qırğızıstan Respublikasının ərazisində yaşayan milli azlıqların nümayəndələri yerli mətbuatda çıxışlarında Azərbaycana dəstək olduqlarını bildirdilər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dəstək məktubları yazdılar.

Türkiyə Respublikasının Qırğız Respublikasında səfiri Çingiz Kamil Fırat, Macarıstanın Qırğız Respublikasında səfiri Şandor Doroqi, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan, "Lina" firmasının baş direktoru Qiyas Xəlilov, Azərbaycan-Qırğızstan dostluq və əməkdaşlıq cəmiyyətinin prezidenti, əməkdar həkim Akif Alaferdov, “AzVirt Qırğızstan” şirkətinin direktoru Çingiz Baxişev, Bişkek şəhərinin 44 saylı orta məktəbinin direktoru Flora Xəlilova və Qırğızıstan-Rusiya Slavyan Universiteti İranistika Mərkəzinin direktoru Məlahət Məmmədova Xocalı soyqırımı haqqında fikirlərini, təəssüratlarını bölüşüb, erməni təcavüzü barədə danışıblar.  Həmçinin çıxışlarında Xocalı faciəsini törədən cinayətkarları pisləyib, soyqırım barədə dünya ölkələrinin məlumatlandırılmasının gərəkli olmasını söyləyiblər. Qeyd ediblər ki, Xocalıda həyatını itirən şəxsləri şərəflə yad etmək və bu cür insanlıq əleyhinə cinayətlərin bundan sonra dünyanın heç bir yerində təkrarlanmaması üçün Xocalı şəhərində həyata keçirilən dəhşətli cinayətləri xatırlamaq vacibdir.

Mərasimdə Qırğız Respublikası Hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, Fövqəladə və Səlahiyyətli səfirlər, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, beynəlxalq qurumlarının təmsilçiləri, ali təhsil ocaqlarının rektorları, Azərbaycan diasporunun üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri və Qırğızstanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Sonra ehsan verilmişdir.

 

 

Arxiv üzrə axtarış