2021-06-29

Qırğızstan –Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” mövzusunda tədbir keçirilib

Bu ilin iyun ayının 28-də Bişkek şəhərindəki ən iri təhsil müəssisələrindən olan Qırğızstan –Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərginin açılışı olub.

Tədbirdə Azərbaycanın Qırğızstanda səfiri Hidayət Orucov, Qırğızstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər.

İlk olaraq Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan, Qırğızstan və Türkiyənin himnləri oxundu. Bakı Media Mərkəzinin çəkdiyi “Azərbaycan Ordusunun Zəfər Paradı” adlı qısametrajlı film nümayiş olundu.

Tədbiri açan Qırğızstan –Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan Azərbaycanın 30 illik Qarabağ işğalına son qoyan qəhrəman ordusunu təbrik etdi, Qarabağın azadlığı uğrunda mübarizədə şəhid olanlara Allahdan rəhmət dilədi, Azərbaycan xalqına başsağlığı verdi, qazilərimizin tezliklə sağalmasını arzuladı. Rektor Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq bariz nümunəsi olduğunu vurğuladı.

Tədbirdə çıxış edən səfir Hidayət Orucov bildirmişdir:

“30 mart 2019-cu ildə Ermənistan Müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icması ilə görüşündə "sülh üçün ərazi" yanaşmasının tətbiq olunmayacağını və yeni yanaşma “Yeni ərazilər üçün yeni bir müharibə" tətbiq olunacağının söyləməsi, 5 avqust 2019-cu ildə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycanın qeyrət simvolu sayılan “Cıdır düzü”ndə sərxoş vəziyyətdə rəqs edərək "Qarabağ Ermənistandır və nöqtə" deməsi və ümumiyyətlə Ermənistan siyasi-hərbi rəhbərliyinin digər ağlasığmaz təxribatçı hərəkətləri işğalçı ölkənin hələdə törətdiyi cinayətləri dərk etmədiyini dünyaya göstərdi.

Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinə sadiq qalıb. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev bunu BMT tribunası da daxil olmaqla bütün beynəlxalq platformalardan elan edirdi və bütün ölkələri açıq şəkildə müharibəyə hazırlaşan Ermənistana qarşı müvafiq tədbirlər görməyə çağırırdı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə gerçəkləşdirdi.

Azad edilmiş ərazilərdən çıxarkən düşmən qoşunlarının hansı vəhşiliyi törətdiyini görmək qorxuncdur. Bütün tarixi abidələri və məscidləri dağıdılıb, qalanları isə mal-qaraya dam kimi istifadə edilib. Donuzlar dini ziyarətgahlarda saxlanılırdı. Bu, bütün müsəlmanların dini hisslərinə qarşı təhqir kimi qiymətləndirilə bilər. Erməni qoşunlarının etdikləri XXI əsrin faşizmidir. Bölgəyə tez-tez gələn xarici diplomatlar və jurnalistlər başqa bir ölkədə belə barbarlıq görmədiklərini söyləyirlər.

Əlbəttə ki, bütün ölkələrin bu müharibə hadisələrini obyektiv şəkildə qiymətləndirməlidirlər ki, bu dəhşətli hadisələr dünyanın heç bir nöqtəsində təkrarlanmasın.”.

Səfir xalqımızın Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəkdən bəhs edərək deyib: “Xüsusilə xalqımızın Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi. Həmçinin qardaş Türkiyə vətəndaşlarının xalqımıza verdiyi dəstək bizi daha da qürurlandırırdı”. Həmçinin o, bu ilin 9 aprel tarixində cənab Prezident Sadyr Japarov Səfir H.Orucovu qəbul edərkən, cənab Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına qələbə münasibətilə təbrik etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Türkiyə Respublikasının Qırğız Respublikasında Səfiri Əhməd Sadık  Doğan öz çıxışında Azərbaycan millətin haqlı olduğunu və döyüşdə haqlı qələbə qazandığını söylədi. Səfir bütün Azərbaycan xalqını və türk dünyasını böyük tarixi hadisə münasibətilə səmimi-qəlbdən təbrik etdi.

Azərbaycanlıların “Azəri” İctimai Təşkilatının fəxri prezidenti, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov və “AzVirt Qırğızstan” şirkətinin direktoru Çingiz Baxişev çıxışlarında qələbə regiondakı bütün dövlətlərin və qonşu ölkələrin rifahına və sülh maraqlarına xidmət edəcəyinə əminlikləri bildiriblər. Qeyd ediblər ki, bu şanlı zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Zati-aliləri cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, böyük zəhməti, əzmkarlığı və qətiyyəti sayəsində əldə edildi.

Sonra Qırğızstan –Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan, Azərbaycan Respublikasının Qırğızstanda səfiri Hidayət Orucov və Türkiyə Respublikasının ölkədəki Səfiri Əhməd Sadık Doğan sərginin qırmızı lentini kəsdilər.

İştirakçılar rəşadətli ordumuzun zəfər yollarını əks etdirən sərgi ilə tanış oldular.

Arxiv üzrə axtarış