2021-12-12

Bişkekdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyi Qırğız-Türk Manas Universitetində ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

Tədbirdə universitetin rektoru Alpaslan Ceylan, prorektor Asilbek Kulmırzayev, Qırğızıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Erkin Atabekov, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov mərasimi açaraq tarixi böyük şəxsiyyətlərin yazdığını bildirib, ulu öndər Heydər Əliyevin adının dünyanın böyük şəxsiyyətləri Den Syaopin, Franklin Ruzvelt, Vinston Çörçill və Atatürk ilə bir sırada çəkildiyini qeyd edib. Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımıza, müstəqil dövlət quruculuğuna, müstəqilliyin möhkəmlənməsinə xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən ətraflı danışıb.

Diplomat Heydər Əliyevin neft strategiyasını formalaşdırmasından, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı‐Tbilisi‐Ərzurum qaz boru xətti, Bakı–Tbilisi–Qars dəmir yolu layihələrini gündəmə gətirərək iki qardaş ölkə olan Azərbaycanla Türkiyəni bir-birinə bağlamasından, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsindən, hələ sovet dövründə Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsindən danışıb, ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirilməsindən, kadr potensialının gücləndirilməsi üçün gənclərimizin keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərilməsindən geniş söhbət açıb.

L.Qəndilov bildirib ki, müstəqilliyimizin bərpası məhz sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni və digər sahələrdə yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində gördüyü işlər nəticəsində mümkün olub. Ulu Öndərin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin onun layiqli davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir və ərazi bütövlüyümüzün təmin edilməsi Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidməti Prezident İlham Əliyev kimi böyük siyasi xadim yetişdirməsidir. Heydər Əliyev ilk dəfə Azərbaycan bayrağını 1990-cı ildə Naxçıvanda qaldırdı, sonra isə bütün dünyaya ucaltdı, Prezident İlham Əliyev isə onu bu zirvədə saxladı.

Universitetin rektoru Alpaslan Ceylan ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin hər bir vətəndaşının dilinin əzbəri olduğunu söyləyib. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin ruhu şaddır ki, övladı İlham Əliyev Qarabağ torpağını düşməndən azad etdi.

Universitetin professoru Yunus Emre Gürbüz çıxışında Heydər Əliyevin Türkiyədə yaxşı tanınmasından, Azərbaycan-Türkiyə əbədi dostluğunun təməlini qoyan şəxs kimi xatirəsinin həmişə uca tutulduğundan danışıb. Ulu öndər Heydər Əliyev kimi dahi siyasətçinin fəaliyyətinin, müstəqil Azərbaycan uğrunda çoxillik gərgin mübarizəsinin, heyrətamiz şəxsi keyfiyyətlərinin və bir çox digər maraqlı məqamların dərindən öyrənilməsinin vacib olduğunu söyləyib.

Arxiv üzrə axtarış