2022-05-12

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbir.

2022-ci il may ayının 10-da Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə “Azəri İctimai Birliyi”nin, “Mərkəzi Asiyanın Tərəqqipərvər Azərbaycanlıları Birliyi”nin rəhbərləri, üzvləri, Qırğızıstanın keçmiş dövlət katibi, müxtəlif ölkələrdə səfiri işləmiş Rustenbekov Janış və mətbuat nümayəndələri iştirak etmişdir.      

Tədbirin əvvəlində Səfirliyin inzibati binasında yerləşən Ulu Öndərin büstü önünə gül dəstələri düzülmüş, xatirəsi yad edilmişdir.

Tədbir iştirakçıları qarşısında çıxış edən səfir Lətif Qəndilov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, xalqımızı zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararan, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışmışdır.

L.Qəndilov qeyd etmişdir ki, Heydər Əliyev tərəfindən vaxtilə düzgün müəyyənləşdirilmiş enerji və nəqliyyat strategiyası bu gün Azərbaycanı dünya iqtisadiyyatına inteqrə etmiş, beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tapmağa imkan yaratmışdır. Dahiyanə surətdə aparılmış inkişaf yolu vətənimizi dünyanın layiqli bir parçasına çevirmişdir. Azərbaycan Avrasiya məkanında mühüm layihələrin icrası ilə yanaşı həm də layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır. Postmüharibə dövründə ölkəmiz yenidən layiqli sülh missiyasını davam etdirərək şərq-qərb, şimal-cənub istiqamətində dünya iqtisadiyyatı baxımından yeni, mühüm nəqliyyat layihəsini gerçəkləşdirmək təşəbbüsü ilə çıxış etmişdir. Bu da bölgə ölkələrinin inkişafı və sülhün təmin edilməsinə imkan yaradır.    

Səfir Ulu Öndərin mükəmməl siyasətini yeni müstəvidə, dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan söz açmışdır.

Keçmiş dövlət katibi J.Rustenbekov Heydər Əliyevlə bağlı yadda qalan xatirələrini iştirakçıların diqqətinə çatdırmış və onun dünyanın tanınmış siyasətçilərindən biri olması ilə yanaşı, həm də çox incə insani keyfiyyətlərə malik olduğunu müxtəlif faktlarla qeyd etmişdir.

Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatmışdır.

L.Qəndilovun Ulu Öndərin həyat və yaradıcılığı, onun  ölkəmizin qüdrətlənməsində misilsiz xidmətləri ilə bağlı “Вечерний Бишкек” qəzetində, sonra isə əsas xəbər agentliyi olan “KABAR” müsahibəsi dərc olunmuşdur.

Arxiv üzrə axtarış