2022-06-21

Bişkek şəhərində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Tarix yazan liderlər" mövzusunda konfrans keçirilmişdir.

2022-ci ilin iyun ayının 13-də Bişkek şəhərində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Tarix yazan liderlər" mövzusunda Türk Ağsaqqalları Birliyinin (TAİB), Qırğızıstan-Türkiyə “Manas” Universitetinin və Səfirliyimizin birgə təşkilatçılığı ilə konfrans keçirilmişdir.

Qırğızıstan-Türkiyə “Manas” Universitetində keçirilmiş tədbirdə TAİB-in sədri Sudeif İmamverdiyev, Milli Məclisin (MM) deputatı Elman Nəsirov, birliyin əməkdaşları, səfiri Lətif Qəndilov, Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rektoru Alpaslan Ceylan, səfirliyinin əməkdaşları, ölkənin tanınmış ziyalıları, universitetin müəllim heyəti  və tələbələri iştirak etmişlər. Səfirlik tədbirə həmçinin diasporumuzun nümayəndələrini də cəlb etmişdir.

Konfrans üç qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır. Konfransa ev sahibliyi edən universitetin rektoru A.Ceylan türk xalqları arasında birliyin möhkəmləndirilməsinin tarixi zərurət olduğunu qeyd etmiş, dövlət başçılarımızın ölkələrimiz arasında əlaqələrin inkişafı üçün göstərdiyi səyləri örnək gətirmiş və birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.

Tədbir iştirakçıları qarşısında çıxış edən səfir L.Qəndilov bildirmişdir ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə enmiş bayrağını Heydər Əliyev 71 il sonra, 1990-cı ilin noyabr ayının 17-də yenidən qaldırmışdır. Bununla ulu öndər özünün tarixi missiyasını həyata keçirmişdir. Ulu öndərin ən böyük xüsusiyyəti insanları inandıra bilməsi idi. Xalqımız da dahi şəxsə inanaraq onun arxasınca getmişdir. L.Qəndilov bütün varlığı ilə xalqına bağlı olan, xalqımızı zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışmışdır.

 L.Qəndilov qeyd etmişdir ki, tarix göstərdi ki, Bakı-Tbilisi-Ceyhan layihəsi təkcə iqtisadi layihə deyil, Azərbaycan və Türkiyə xalqlarını birləşdirən və uzun dövr üçün bölgəmizin siyasi təhlükəsizliyini təmin edən bir layihə idi. Səfir bildirdi ki, Heydər Əliyev şəxsiyyəti üçün ən böyük mükafat bizim yaddaşımızdır.

MM deputatı Elman Nəsirov 90-cı illərin əvvəllərində Azərbaycanda həm siyasi, həm də iqtisadi qeyri-sabitliyin hökm sürdüyünü qeyd etmiş, tarixi faktlara əsaslanaraq Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki rolundan, eyni zamanda ulu öndərin ölkəmizi hansı çətinliklərlə inkişaf yoluna gətirdiyindən danışmışdır. E.Nəsirov “Əsrin Müqaviləsi”nin imzalandığı dövrdə yaşanan gərginliyə, böyük şirkətlərin Azərbaycana investisiya qoymaq istəməmələrinə, analitik mərkəzlərin ölkəmizdəki ictimai-siyasi sabitliyinin olmaması ilə bağlı dərc etdirdikləri məlumatlara diqqət çəkmişdir. E.Nəsirov qeyd etmişdir ki, həmin dövrdə ulu öndər Azərbaycanı hərc-mərclikdən, anarxiyadan xilas etmiş və böyük dövlətlərin inamını qazandıqdan sonra “Əsrin Müqaviləsi” layihəsini həyata keçirmişdir. Milli Məclisin deputatı böyük dövlətlərin Heydər Əliyev şəxsiyyətinə inanaraq, Azərbaycanla birgə milyardlarla dollarlıq layihələri həyata keçirdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Milli Qurtuluş Gününün mahiyyəti barədə danışan akademik S.İmamverdiyev qonaqları 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və həmin dövrdə Qarabağın işğal edildiyi barədə məlumat vermişdir. Akademik həmin dövrdə səriştəsiz idarəçilik nəticəsində Azərbaycanın müstəqilliyini itirmək üzrə olduğunu, ulu öndər Heydər Əliyevin xalqın çətin anında liderlik missiyasını öz üzərinə götürdüyünü, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün misilsiz töhfələr verdiyini diqqətə çatdırmışdır.

Arxiv üzrə axtarış