2022-09-29

Bişkek şəhərində 27 Sentyabr-Anım Günü qeyd edilmiş və “Qarabağ hekayələri” kitabının təqdimatı olmuşdur.

2021-ci ilin əvvəlində “Qarabağ hekayələri” (“Карабах Ангемелери”) kitabı qırğız dilinə tərcümə edilərək çap edilmişdir. Kitabda 13 azərbaycanlı müəllifin 14 hekayəsi yer almışdır. Kitabın qırğız dilinə tərcümə edilərək çap edilməsinin təşəbbüskarı, müəlliflərdən biri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevadır. Onun təklifi ilə kitab beş nəfər tərcüməçi tərəfindən qırğız dilinə tərcümə etmişdir.

Cari ilin sentyabr ayının 23-də Səfirliyin təşəbbüsü, maliyyə dəstəyi və QR Milli Yazıçılar Birliyinin iştirakı ilə Bişkek şəhərinin “Hyatt Regency” otelində kitabın geniş şəkildə təqdimatı olmuşdur.

Tədbirdə QR Xarici İşlər Nazirliyinin 3-cü siyası idarəsinin rəis müavini, Türkiyə Respublikasının Bişkekdəki səfirliyinin diplomatları, QR Milli Yazıçılar Birliyinin sədri, Qırğız-Türk Manas Universitetinin, Diplomatik və İdarəçilik Akademiyalarının  rektorları, müəllim heyəti, Mərkəzi kitabxananın və Milli Filarmoniyanın direktorları, Qırğızıstanın ilk Parlamentinin sədri və Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medekan Şerimkulov, Çingiz Aytmatovun oğlu Askar Aytmatov, “Azərbaycanın qırğız dostları klubu”nun və diasporumuzun üzvləri, ölkənin tanınmış ictimai xadimləri və KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri Qəndilov Lətif açaraq iştirakçılara kitab haqqında ətraflı məlumat vermiş, Qarabağdan və Ermənistandan köçkün düşmüş azərbaycanlıların faciəsi haqqında, onların üzləşdiyi problemlər barədə ətraflı danışmışdır.

   Səfir iştirakçılara 12 sentyabr tarixindən başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə məlumat vermiş, Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistan Respublikasında istehsal olunmuş küllü miqdarda piyada əleyhinə minaların aşkar edilməsi faktına diqqət çəkmişdir. Bu faktla Ermənistan tərəfindən 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir daha kobud şəkildə pozulduğunu vurğulamış, Ermənistanın sözügedən bəyanata zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini indiyədək çıxarmadığını diqqətə çatdırmışdır. Ermənistan tərəfindən son bir ay ərzində Azərbaycan mövqelərinin sistematik atəşə tutulduğunu, Azərbaycan ərazilərinin minalanmasının davam etməsini, bölgədə hərbiləşmə prosesini genişləndirməsini qeyd edən səfir təxribatların, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyünü bildirmişdir.

Səfir Azərbaycanın üçtərəfli bəyanata uyğun olaraq qısa müddətdə Ermənistan ilə Xankəndi arasında 35 km yol inşa etdiyini söyləmiş, Ermənistanın isə sənədə uyğun olaraq Azərbaycanla Naxçıvan arasında dəhliz açmaqdan imtina etdiyini diqqətə çatdırmışdır. Böyük ekranda Azərbaycan Demokratik Respublikasının və müasir Azərbaycanın xəritələrini yanaş olaraq tədbir iştirakçılarının diqqətinə təqdim etmiş və Zəngəzurun Azərbaycanın tarixi  torpağı olduğunu qeyd etmişdir. Səfir bildirmişdir ki, bunlar açıq tarixi faktlar olduğu üçün Ermənistan sərhədlərin müəyyən edilməsindən yayınır, bu prosesə ABŞ-dakı və Fransadakı tərəfdaşlarını cəlb etməyə çalışır. L.Qəndilov Vətən müharibəsinin başlanmasından iki il ötdüyünü bildirmiş və tarixin geriyə qaytarılmasının mümkün olmadığını söyləmişdir. Azərbaycanın böyük oğlu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində əldə edilmiş qələbənin xalqımıza böyük ruh verdiyini diqqətə çatdırmış, azad edilmiş ərazilərdə daxili imkanlar hesabına böyük bərpa işlərinin aparıldığını qeyd etmiş, xalqımızın bundan sonra heç bir zaman düşmənə güzəştə getməyəcəyini bildirmişdir.   

“Azərbaycanın qırğız dostları klubu”nun prezidenti Assol Moldokmatova öz çıxışında ölkəmizin dəvəti ilə azad edilmiş bölgələrə səfər etdiyini, Ermənistan tərəfindən törədilmiş dağıntıları öz gözləri ilə gördüyünü qeyd etmiş və aparılan bərpa işləri barədə qürurla danışmışdır.

Şair-tərcüməçi Altınbek İsmayıl öz çıxışında kitabla bağlı geniş məlumat vermiş, onun ərsəyə gəlmə tarixçəsi barədə danışmışdır.

Milli Yazıçılar Birliyinin sədri N.Kalıbekov, Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan öz çıxışlarında Azərbaycanın haqq işinə dəstək ifadə etmişlər.

Tədbirin keçirildiyi müddət ərzində böyük ekranda kitabla və Şüşa şəhəri ilə bağlı hazırlanmış slayd nümayiş etdirilmişdir.

Tədbirin sonda səfir Lətif Qəndilov kitabı qırğız dilinə tərcümə edənlərə mükafat təqdim etmiş və iştirakçılara Səfirlik adından ziyafət verilmişdir. Ziyafət boyu Vaqif Mustafazadənin əsərləri səsləndirilmişdir.

Arxiv üzrə axtarış