2022-12-13

Bişkek şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

 

2022-ci il dekabr ayının 12-də Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə “Azəri” İctimai Birliyinin, “Mərkəzi Asiyanın Tərəqqipərvər Azərbaycanlıları Birliyi”nin rəhbərləri, üzvləri və Səfirliyin əməkdaşları iştirak etmişdir.      

Tədbirin əvvəlində Səfirliyin inzibati binasında yerləşən ulu öndərin büstü önünə gül dəstələri düzülmüş, xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir iştirakçıları qarşısında çıxış edən səfir Lətif Qəndilov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, xalqımızı zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararan, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışmışdır.

L.Qəndilov qeyd etmişdir ki, xalqımız Heydər Əliyevi ölkə rəhbərliyinə geri qaytarmış və xalqın dəstəyini alan ulu öndər ölkəmizdə dövlət quruculuğu və iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə 1994-cü ildə Bişkek protokolunu imzalamış və dövlət quruculuğuna başlamışdır. Ölkəmizin iqtisadi potensialını artırmaq və ordu quruculuğunu həyata keçirmək məqsədilə dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamış, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsasını qoymuş, qədim ipək yolunun bərpası ilə əlaqədar 1998-ci ildə dünya əhəmiyyətli TRACECA  konfrans təşkil etmişdir. Ulu öndərin gələcəyə hesablanmış planlarını İlham Əliyev uğurla həyata keçirmiş, çoxlu sayda - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Trans-Adriatik Boru Kəməri, Trans Anadolu Təbii Qaz Boru Kəməri kimi böyük enerji layihələrini reallaşdırmış, Bakı-Tbilisi-Kars dəmir yolu tikilmiş və Azərbaycan dünyanın bir parçasına çevrilmiş, ölkəmizin iqtisadiyyatına böyük həcmdə investisiya cəlb edilmişdir. Bununla da ölkəmizin siyasi, iqtisadi təhlükəsizliyi təmin edilmişdir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkəmizdə güclü iqtisadiyyatın inkişafı təmin edilmiş, müasir ordu qurulmuş, haqlı mövqeyimiz dünyaya çatdırılmışdır. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu dünya ölkələri tərəfindən qəbul edilməsi təmin edilmişdir. Məhz görülən titanik işlər nəticəsində Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad edə bilmişdir.

L.Qəndilov qeyd etmişdir ki, Heydər Əliyev tərəfindən vaxtilə düzgün müəyyənləşdirilmiş enerji və nəqliyyat strategiyası bu gün Azərbaycanı dünya iqtisadiyyatına inteqrə etmiş, ölkəmizi Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində mühüm enerji və logistika mərkəzinə çevirmişdir.

Səfir ulu öndərin mükəmməl siyasətini yeni müstəvidə, dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan söz açmışdır.

“Azəri” İctimai Birliyinin rəhbəri Əzizağa Əliyev öz çıxışında ulu öndərin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, 70-80-ci illərdə xalqımız qarşısında xidmətlərindən, hakimiyyətə qayıdışından sonra diaspora təşkilatlarımızın yaradılmasındakı rolundan bəhs etmişdir.

“Azəri” İctimai Birliyinin fəxri prezidenti Akif Alaferdov çıxışında Heydər Əliyevin dünyanın tanınmış siyasətçilərindən biri olduğunu, özündən sonra hakimiyyəti İlham Əliyev kimi böyük bir şəxsə verdiyini qeyd etmiş və bu gün əldə etdiyimiz nailiyyətlərin bununla bağlı olduğunu bildirmişdir.

 Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərin nümayişi ilə başa çatmışdır.

 

Arxiv üzrə axtarış