2023-02-28

Bişkek şəhərində Xocalı Soyqırımının qurbanları yad edilmişdir.

Cari ilin fevral ayının 24-də “Mərkəzi Asiyanın Tərəqqipərvər Azərbaycanlıları Birliyi” tərəfindən Bişkek şəhərində yeni açılmış Azərbaycan bazar günü məktəbində Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Səfir Lətif Qəndilov, “Кыргызтест” dövlət müəssisəsinin direktoru Batma Bolotalieva, Prezident yanında dil üzrə milli komissiyanın rəhbəri Jıldız Orozbekova iştirak etmişlər.

Tədbirdən əvvəl iştirakçılar Xocalı Soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, faciə ilə bağlı foto sərgiyə baxış keçirmişlər.                 

Tədbirdə çıxış edən səfir Lətif Qəndilov Xocalı Soyqırımının tarixi haqqında iştirakçılara geniş məlumat vermiş, hadisənin səbəbləri barədə danışmışdır.

O, qeyd etmişdir ki, Xocalı Soyqırımının əsas xüsusiyyəti ondan ibarətdir ki, bu ermənilər tərəfindən ciddi düşünülmüş, hazırlanmış, silahsız, çarəsiz azərbaycanlılara qarşı yönəlmiş soyqırım əməliyyatı olmuşdur. Çünki nə qocalara, nə qadınlara, nə də uşaqlara rəhm edilməmişdir. Bu soyqırımda Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, erməni millətçiliyinin lideri Zori Balayan birbaşa iştirak etmişlər. Ölkəmiz və xalqımız bu qanın yerdə qalmaması üçün artıq beynəlxalq məhkəmələrə müraciət edir və bu istiqamətdə ciddi iş aparılır. Bizim əsas borcumuz soyqırım qurbanlarının xatirəsini unutmamaqdır. Əks təqdirdə biz yeni belə bir faciələrlə qarşılaşa bilərik.

Səfir öz çıxışında Azərbaycan xalqının və rəhbərliyinin Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu, lakin Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edildiyini qeyd etmiş, Laçın koridorunda ermənilər tərəfindən azərbaycanlılara qarşı təxribatlar həyata keçirilməsindən, Qarabağda təbii ehtiyatların qanunsuz istismar edilməsindən, ekologiyaya qarşı soyqırım həyata keçirilməsindən, ermənilərin məkrli planlarından, Azərbaycan Prezidenti İlham Əliyevin bu əməllərə qarşı gördüyü tədbirlərdən geniş danışmışdır.

Tədbirdə Qırğızıstanın Gimnastika Federasiyasının prezidenti Əsəd Əsədov, QR Prezidenti yanında Əfv Komissiyasının üzvü, əməkdar hüquqşünas Aydın Alaferdov, Prezident yanında dil üzrə milli komissiyanın rəhbəri Jıldız Orozbekova çıxış etmişlər və öz çıxışlarında Ermənistanın törətdiyi vəhşiliyə etiraz etmişlər, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinin vacibliyini söyləmişlər, Ermənistana qarşı Azərbaycan Prezidentinin misilsiz xidmətlərindən danışmışlar.

Sonda səfir L.Qəndilov bu tədbiri təşkil etdiyi üçün “Mərkəzi Asiyanın Tərəqqipərvər Azərbaycanlıları Birliyi”nin rəhbəri Xansıvar Baxşəliyevə təşəkkürünü bildirmişdir.

Qeyd etmək istəyirik ki, səfir Lətif Qəndilovun Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı Qırğızıstanın “Вечерний Бишкек” qəzetində “В Азербайджане и других странах чтут память жертв Ходжалы” başlıqlı məqaləsi dərc edilmişdir.

Arxiv üzrə axtarış