2023-04-25

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Milli Məclisin deputatları Bişkek şəhərinə səfər etmişlər.

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilən silsilə tədbirlərdə iştirak etmək üçün AR Milli Məclisinin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi  qrupunun üzvü Cavanşır Feyziyev cari ilin aprel ayının 19-21 tarixlərində Bişkek şəhərinə səfər etmişlər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini və səfir Lətif Qəndilovu QR Parlamentinin sədri Nurlanbek Şakiev qəbul etmişdir.

QR Parlamentinin sədri Heydər Əliyevin dahi şəxsiyyət olduğunu, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının, eləcə də Qırğızıstanın böyük oğlu olduğunu söyləmişdir. Qeyd etmişdir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyinin Qırğızıstanda qeyd edilməsi onlar üçün çox xoşdur və qurur vericidir.

Daha sonra Parlamentin sədri qeyd etmişdir ki, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən AR MM-nin xüsusi iclasında iştirak etmək üçün     cari ilin may ayının 16-da Bakı şəhərinə səfər edəcəkdir.

Musa Quliyev AR MM sədri Sahibə Qafarovanın salamlarını N.Şakiyevə çatdırmış və tezliklə Bakı şəhərində görüşəcəklərinə ümid etdiyini söyləmiş, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsinə və göstərilən diqqətə görə QR Parlamentinin sədrinə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, parlamentlər arası əlaqələrin genişləndirilməsinə böyük ehtiyac vardır və bu mənada QR Parlamentinin AR-lə dostluq qrupunun deputatlarını bu ilin payızında Bakı şəhərinə səfərə dəvət etmişdir.

Görüşdən sonra səfir Lətif Qəndilov və nümayəndə heyəti Qırğızıstan-Azərbaycan dostluq parkını ziyarət etmişlər.

Arxiv üzrə axtarış