2023-05-30

Bişkek şəhərində 28 May – Müstəqillik Günü qeyd edilmişdir.

May ayının 26-da Səfirlik tərəfindən Bişkek şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş  rəsmi qəbul təşkil etmişdir.

Ziyafətdə Qırğızıstanın hökumət və siyasi-ictimai dairələrin təmsilçiləri, Pakistanın, Hindistanın, Səudiyyə Ərəbistanının, Rusiyanın, Belarusun, Ukraynanın, Avropa İttifaqının, İsveçrənin, Türkmənistanın, Özbəkistanın, Qazaxıstanın, Çinin, İranın, Türkiyənin səfirləri, Bişkekdə akkreditə olunmuş digər Səfirliklərin əməkdaşları, o cümlədən Türkiyə Səfirliyinin bütün əməkdaşları, keçmiş xarici işlər naziri, deputat Çingiz Aydarbekov, deputat Arslanbek Maliev,  Qırğızıstan Parlamentinin ilk sədri, Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, Ç.Aytmatov adına “İssık-Kul forumunun” prezidenti, keçmiş xarici işlər naziri Askar Aytmatov,  Azərbaycanın Dostları Klubunun prezidenti, Çingiz Aytmatov adına İssık-Kul Forumunun baş katibi, xalq artisti Assol Moldokmatova, Qırğız-Türk Manas Universitetinin rektoru və müəllim heyəti, Heydər Əliyev adına 20 nömrəli gimnaziyanın və Nizami Gəncəvi adına 103 nömrəli məktəbin direktoru, müəllimləri və şagirdləri, Qadınlar Konqresinin sədri, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri (200-dən çox qonaq, onlardan 14-ü səfir) iştirak etmişlər.

Səfirlik tərəfindən keçirilən rəsmi qəbul mərasimində Qırğızıstan tərəfindən əsas qonaq qismində XİN rəhbərinin müavini Aybek Moldoqaziyev iştirak etmişdir.

Müsəlman şərqində ilk demokratik, dünyəvi respublikanın 105 il əvvəl Azərbaycanda yarandığını toplaşanların diqqətinə çatdıran səfir L.Qəndilov bildirmişdir ki, Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçilik tariximizdə özünəməxsus yer tutmuşdur.

XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ötən müddət ərzində böyük inkişaf yolu keçdiyini, habelə ulu öndər Heydər Əliyevin neft strategiyası əsasında güclü iqtisadiyyatı olan, özünü təmin edən müasir dövlətə çevrildiyini, eləcə də dünyada nüfuzunun artdığını bildirən səfir, hazırda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm irimiqyaslı layihələrə imza atdığını, o cümlədən ölkəmizin Qərb ilə Şərq arasında enerji və nəqliyyat dəhlizi rolunu oynadığını və mühüm logistik mərkəzə çevrildiyini xüsusi vurğulamışdı. Səfir bütün bu amillərin Azərbaycanda güclü ordunun yaradılmasına əsas verdiyini söyləmiş və nəticədə Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyini iştirakçıların diqqətinə çatdırmış, həmçinin postmüharibə dövründəki vəziyyət haqqında da məlumat vermişdir.

Bildirmişdir ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirkləndirilmiş ölkələr sırasındadır və 2020-ci ilin noyabr ayından bu günə kimi 350-dən çox azərbaycanlı minaya düşərək həlak olmuşdur. Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesinə toxunan səfir qeyd etmişdir ki, Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan qanunlarına əməl etsələr Azərbaycan vətəndaşlığını ala biləcəklər. Həmçinin Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasını ölkəmizə qeyri-qanuni silah və mina daşınmasının qarşısının alınmasına, o cümlədən Ermənistanın Qarabağda olan silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmasına yönəldiyini söyləmişdir.

Bununla yanaşı ölkəmizin xarici siyasətindən söhbət açan L.Qəndilov 2023-cü ilin yanvar ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin Bişkek şəhərində silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırmış, keçən ilin aprel ayında Qırğızıstan dövlət başçısı Sadır Japarovun Azərbaycana, oktyabr ayında isə Azərbaycan dövlət başçısı İlham Əliyevin Qırğızıstana səfərlərini xatırlamış və görüşlər zamanı əldə olunan razılaşmalardan sonra ölkələrimiz arasında mövcud münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, hazırda real iqtisadi əməkdaşlığın genişləndirilməsi sahəsində yeni mərhələ başlayır.

Qırğızıstan xarici işlər nazirinin müavini A.Moldoqaziyev öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik etmiş və ən xoş arzularını bildirmişdir. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir müavini, ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirmiş, hazırda Azərbaycan ilə Qırğızıstan arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha da inkişaf etdiyini söyləmişdir. Bundan əlavə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərdən danışan Moldoqaziyev, hazırda əməkdaşlığımızın bütün istiqamətlər üzrə sürətlə inkişafının, qarşılıqlı səfərlərin həyata keçirildiyinin, beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə verilən dəstəyin mövcud strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu söyləmişdir.

Nazir müavini həmçinin qeyd etmişdir ki, bu il ərzində Qırğızıstanın tanınmış yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illik yubileyi ilə əlaqədar onun Bakı şəhərində xatirəsinin əbədiləşdiriləcəyi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasının Bişkek şəhərində, Azərbaycanla Qırğızıstan arasında ikinci Dövlətlərarası Şuranın iclasının isə Bakı şəhərində keçiriləcəyi, o cümlədən Bişkek-Bakı-Bişkek birbaşa aviareysin açılacağı gözlənilir.

Ziyafət zamanı Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı görüntüləri özündə əks etdirən filmlər nümayiş etdirilmiş, Qırğızıstanın incəsənət xadimlərinin iştirakı ilə simfonik konsert proqramı təşkil edilmiş, Azərbaycanın milli, müasir estrada və klassik musiqisi səsləndirilmiş, o cümlədən milli geyimli qızlar Azərbaycan rəqslərini ifa etmişlər.

 

Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılmışdır:

 

 https://youtu.be/z1ye5dB6CDk

Arxiv üzrə axtarış