2024-05-14

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

2024-ci il may ayının 08-də Səfirliyinin təşkilatçılığı ilə Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir təşkil edilmişdir.

İlk öncə ulu öndər H.Əliyevin büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin əvvəlində hər iki ölkənin himnləri səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Kanikey Alimkulova Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin adının 20 nömrəli məktəb-gimnaziyaya verilməsindən fəxr hissi duyduqlarını söyləmişdir.

O, qeyd etdi ki, ölkələrimiz arasında münasibətlərin genişlənməsi fonunda H.Əliyev adına təhsil ocağının üzərinə böyük məsuliyyət düşür. Şagirdlərin təlim və tərbiyəsində, vətənpərvər insan kimi formalaşmasında H.Əliyev şəxsiyyətinin böyük əhəmiyyətli rolu və təsiri vardır. Açılış nitqindən sonra  tədbir iştirakçılarına Heydər Əliyevə həsr olunmuş “Azərbaycan böyük addımlarla  irəlləyir” adlı sənədli film nümayiş etdirilmişdir. Film böyük rəğbətlə qarşılanmış və şagirdlərdə H.Əliyevin keçdiyi şərəfli həyat yolu haqqında canlı təsəvvür yaranmışdır.

Daha sonra çıxış edən səfir L.Qəndilov H.Əliyevin iki qardaş ölkə arasında münasibətlərin qurulmasında çox mühüm rol oynadığını bildirmişdir. Azərbaycanın dövlət rəsmiləri arasında ilk dəfə olaraq Qırğızıstana məhz H.Əliyevin səfər etdiyini, “Manas”ın 1000 illiyinə həsr olunmuş tədbirdə  çıxış edərək “Manas”in dilinin ortaq dilimiz olduğunu söylədiyini xatırlatmışdır.

Səfir bildirmişdir ki, İlham Əliyev ulu öndərin yolunu davam etdirərək ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirməkdədir. Son illər ərzində ölkə başçılarının qarşılıqlı səfərləri, xüsusi ilə QR Prezidenti S.Japarovun Azərbaycana  aprel ayında baş tutmuş son səfəri və səfər çərçivəsində Bakı şəhərinin mərkəzi prospektlərindən biri olan - Azadlıq prospektində Ç.Aytmatovun heykəlinin açılışı, ölkəmiz tərəfindən maliyyələşdirilən Azərbaycan-Qırğız investisiya fondunun büdcəsinin 4 dəfə artırılaraq 100 milyon dollara çatdırılması, İssık-Kul gölü ərtafında Azərbaycan tərəfindən böyük 5 ulduzlu otel kompleksinin tikilməsi əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsidir.

Prezident İ.Əliyevin göstərişi ilə 20 nömrəli məktəb-gimnaziyada QR-da ilk dəfə olaraq yüksək texnologiyalı avadanlıqlarla 6 otaqda STEAM mərkəzi təchiz olunması uşaqlara olan onun sevgisinin nümunəsidir.  

Daha sonra 20 saylı məktəb-gimnaziyanın 9-cü sinif şagirdi Kasımaliev Edil çıxış edərək söyləmişdir ki,  Prezident İlham Əliyevin dəvəti ilə məktəbli yoldaşları ilə birgə Bakıda səfərdə olmuşdur. O, səfər zamanı Bakının gözəlliyinə heyran qaldığını, Azərbaycan xalqının sadə və zəhmətkeş insanlarına böyük hörmət və sevgisinin yarandığını söyləmiş, Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra yaranan xoş təəssüratları ilə bölüşmüşdür. 

Məhz bütün gördüklərinin müəllifi H.Əliyevin olduğunu bilərək bu dahi şəxsiyyətə qəlbində böyük hörmət hissi yarandığını vurğulamışdır.  

Daha sonra tədbir gimnaziyada təhsil alan şagirdlər tərəfindən mədəni şou proqramla davam etmiş, Azərbaycan və Qırğız dilində mahnılar ifa edilmiş  və rəqslər oynanılmışdır. 

 

 

Arxiv üzrə axtarış