Bakıda Azərbaycanla Qırğızıstan arasında Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib
Dekabrın 8-də Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyasının Azərbaycan tərəfdən həmsədri Samir Şərifovun və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, Komissiyanın Qırğızıstan tərəfdən həmsədri Bakıt Torobayevin sədrlik etdikləri iclasa hər iki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri qatılıblar.
Əvvəlcə Hökumətlərarası Komissiyanın həmsədrlərinin ikitərəfli görüşü keçirilib, daha sonra müzakirələr Komissiyanın 6-cı iclasında, geniş tərkibdə davam etdirilib.
Tərəflər qardaş və dost xalqlarımızı birləşdirən tarixi-mədəni bağların, iki ölkənin prezidentləri İlham Əliyev və Sadır Japarov arasında mövcud olan mütəmadi siyasi dialoqun, qarşılıqlı səfərlərin ölkələrimizin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində həlledici rol oynadığını vurğulayıblar.
Qeyd olunub ki, 2024-2029-cu illəri əhatə edən əməkdaşlıq proqramı ikitərəfli münasibətlərin sistemli şəkildə genişləndirilməsi üçün əsas “Yol xəritəsi” rolunu oynayır.
Son dövrdə ticarət dövriyyəsində artım müşahidə olunur. Belə ki, 2025-ci ilin ilk 10 ayı ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 94 faizdən çox artıb.
İclas zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin şaxələndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra əhəmiyyətli razılaşmalar əldə edilib. Tərəflər Qırğızıstan ərazisində ticarət-logistika mərkəzinin yaradılması imkanlarının araşdırılmasını, biznes missiyalarının təşkilini və məlumat mübadiləsinin gücləndirilməsini, həmçinin COP29 çərçivəsində irəli sürülmüş “Yaşıl keçid” təşəbbüslərində əməkdaşlığı müzakirə ediblər.
Habelə investisiya və sənaye sahələrində mühüm əməkdaşlıq istiqamətləri müəyyən olunub.
Tədbirdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti yüksək qiymətləndirilib, birgə investisiya layihələrinin genişləndirilməsi, AZPROMO ilə Qırğızıstan Ticarət-Sənaye Palatası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması, İssık-Kul gölü sahilində beşulduzlu hotelin tikintisinin dəstəklənməsi, həmçinin kurort şəhərinin yaradılması layihəsinin nəzərdən keçirilməsi kimi məsələlər razılaşdırılıb.
Sənaye zonaları və azad iqtisadi zonalar üzrə təcrübə mübadiləsinin təşkili də tərəflərin diqqət mərkəzində olub.
Turizm sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə turizm şirkətlərinin əlaqələndirilməsi, birgə turpaketlərin hazırlanması, sərgi və festivallar üzrə məlumat mübadiləsi, sağlamlıq turizmi üzrə əməkdaşlıq kimi istiqamətlər müəyyən edilib. Bakı-Bişkek-Bakı hava reyslərinin turizm axınına müsbət təsiri xüsusi vurğulanıb.
Tərəflər kənd təsərrüfatı sahəsində tərəflər virussuz tinglərin istehsalı üzrə təcrübə mübadiləsi, intensiv balıqçılıq, balıqçılıq və akvakultura sahələrində birgə təlimlər, baytarlıq və fitosanitar nəzarəti üzrə əməkdaşlığın genişləndirilməsi, damazlıq heyvanların ticarəti və aqrosığorta sistemlərinin inkişafı kimi geniş spektrli fəaliyyət istiqamətlərini razılaşdırıblar.
İclasda enerji sahəsində "2024-2025-ci illər üzrə Yol Xəritəsi"nin icrası, SOCAR-la “Qırğızıstannefteqaz” arasında əməkdaşlığın genişləndirilməsi, Qırğızıstanın "Mərkəzi Asiya - Azərbaycan yaşıl enerji dəhlizi" layihəsində iştirakı kimi məsələlər üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair razılıq əldə olunub.
Nəqliyyat sahəsində isə tərəflər Orta Dəhlizin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin region üçün perspektivləri, Bakı limanının imkanlarından istifadə və tranzit keçidlərin artırılması məsələlərini müzakirə ediblər.
Humanitar və təhsil sahələrində, universitetlər arasında əməkdaşlıq, tələbələr üçün illik təqaüd kvotaları, "Study in Azerbaijan" proqramında iştirak, müəllim mübadiləsi, dil mərkəzlərinin yaradılması, akademik araşdırmaların birgə təşkili və kitabxanalararası virtual platformaların yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin ekologiya, rəqəmsal inkişaf, kibertəhlükəsizlik, səhiyyə, sosial təminat, dövlət xidmətləri, memarlıq və şəhərsalma, eləcə də bank sektoru üzrə əməkdaşlıq məsələləri müzakirə olunub və yeni istiqamətlər müəyyən edilib.
Tərəflər bütün sahələrdə qarşılıqlı etimada əsaslanan, dostluq və qardaşlıq ruhunda inkişaf edən münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Daha sonra Komissiyanın 7-ci iclasının Qırğız Respublikasında keçirilməsi barədə razılıq əldə olunub və tarixlərin diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcəyi bildirilib.
Sonda Baş nazirin müavini Samir Şərifov və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının Protokolunu imzalayıblar.
İclasdan sonra Hökumətlərarası Komissiyanın Qırğız Respublikasından olan üzvləri Kosmik Agentliyin fəaliyyəti ilə tanış olmaq üçün “Azərkosmos”a gediblər.
Dekabrın 9-da qonaqlar Bakı Gəmiqayırma və Heydər Əliyev adına Neft emalı zavodlarının işi ilə də tanış olacaqlar.
Qeyd edək ki, dekabrın 7-də Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Sənaye Parkındakı İstifadə olunmuş mühərrik və sənaye yağlarının emalı və baza yağlarının istehsalı zavodu ilə tanış olub.