“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Консульство и виза
Консульство и виза
Nikahın bağlanmasının qeydə alınması

Ümumi məlumat

Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən həyata keçirilir.


Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunmuşdur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin konsulluğu tərəfindən onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldıla bilər.

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər

Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:


1.nikaha daxil olan şəxslərin yazılı razılığı;
2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
4. subaylıq haqqında arayış;
5. dövlət rüsumunun ödənilməsi barədə qəbz
6. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər);

Nikahın qeydə alınması qaydaları

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Konsulluğun vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir.
Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə konsulluğa gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi konsulluq tərəfindən təsdiq edilməlidir.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:


1) təcili olaraq uzunmüddətli ezamiyyətə getmə;
2) daimi yaşamaq üçün başqa yerə köçmə;
3) birgə uşaqların olması;
4) nikaha daxil olmaq istəyən qadının hamilə olması;
5) evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi;
6) hərbi xidmətə çağırılma;
7) digər hallarda.


Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.

Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Nikahın qeydə alınmasında nikaha daxil olan şəxslərin arzusu ilə digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır. 
Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. Ər-arvadın hüquq və vəzifələri konsulluq tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Konsulluq isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.

Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələrin olduğu haqqında konsulluğa ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, nikaha daxil olmağı arzu edən şəxslər bu barədə məlumatlandırılır, ərizə verənə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə isə konsulluq nikahı bağlamaqdan imtina edir və nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir.

Evlənmək arzusunda olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər nikahın bağlanması üçün müraciət etdikdə onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış (verildiyi gündən 6 ay müddətində etibarlıdır) tələb edilir.

1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə konsulluq faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən nikah münasibətlərinin başlanması vaxtını göstərir.


Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir. Konsulluq ərizəni qəbul etdikdən sonra evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı təyin edir. Nikahın bağlanılması vaxtı eyni binada ölüm və nikahın pozulmasının qeydiyyatı ilə bir vaxta həyata keçirilməməlidir. Nikaha daxil olmağı arzu edən şəxslərdən biri ağır xəstə olduğundan konsulluğun yerləşdiyi binaya (otağa) gələ bilmədikdə (həkim arayışı ilə təsdiq olunur) nikahın qeydiyyatı nikaha daxil olanların hər ikisinin iştirakı ilə evdə və ya tibb müəssisələrində aparıla bilər.

Evlənmək istəyən şəxslər nikahı təntənəli şəraitdə bağlamaq hüququna malikdirlər. Bundan başqa nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər.

Nikahın qeydə alınmasından imtina edilməsi

Konsulluqlar nikahın bağlanmasının qeydə alınmasından imtina edə bilər və bu barədə ərizə ilə müraciət etmiş şəxsə (şəxslərə) yazılı formada bildirilməlidir. Konsulluq nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Aşağıdakı şəxslər arasında nikahın bağlanması yol verilmir:


1) yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) ;


2) yaxın övladlığa götürənlər və övladlığa götürülənlər;


3) nikahın bağlanması üçün müraciət edən şəxslərdən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;


4) nikahın bağlanması üçün müraciət edən şəxslərdən ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.


Eyni zamanda nikahın bağlanması üçün müraciət edən şəxslər neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyadı göstərilməli və ərizə blankında göstərilmiş suallara cavab verilməlidir.

Nikahın qeydə alınması üçün və əlaqədar əməliyyatlar üçün 
Dövlət rüsumu

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:

1) nikahın qeydə alınması və bu barədə
    şəhadətnamənin verilməsinə görə -                    10 ABŞ dolları

2) xarici ölkələrin VVAQ orqanları tərəfindən 
    nikahın qeydə alınması məqsədilə 
    subaylıq haqqında arayışın verilməsinə görə -     10 ABŞ dolları

3) nikah haqqında akt qeydində dəyişikliklərin, 
    düzəlişlərin, əlavələrin edilməsi və 
    akt qeydlərinin bərpa olunması ilə əlaqədar 
    şəhadətnamələrin verilməsinə görə -                   10 ABŞ dolları

Paylaş
Все права защищены. Свяжитесь с нами, чтобы использовать любой лицензионный материал.
Политика конфиденциальности